Aprelin 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Magistratura Proqramlarına həsr olunmuş Virtual Açıq Qapı keçirilib.
Onlayn formatda keçirilən görüşdə UFAZ-ın icraçı direktoru Vazeh Əskərov iştirakçıları salamlayaraq UFAZ-da magistratura proqramları, imtahanlar və qeydiyyat prosesi ilə bağlı ətraflı məlumat verib. 2021/2022-ci il üçün UFAZ-ın magistratura proqramı üzrə qəbulun 5 mart-18 aprel tarixlərində aparıldığını qeyd edən V.Əskərov qəbul imtahanının aprelin 22-də keçiriləcəyini bildirib. Magistr proqramları haqqında məlumat verən V.Əskərov qeyd edib ki, 3 ixtisas üzrə 150 dəqiqə müddətində aparılması nəzərdə tutulan imtahanların keçirilməsi üçün bütün zəruri tədbirlər görülür.
Sonra UFAZ-ın Baş Katibi Elizaveta Bydanova UFAZ-ın strtukturu, partnyorları və UFAZ-da təhsil haqqında geniş təqdimatla çıxış edib. Magistratura proqramları üzrə sual nümunələrinin UFAZ-ın rəsmi saytında yerləşdirildiyini bildirən E.Bydanova gənclərin UFAZ-a olan maraqlarını yüksək qiymətləndirib və qəbul imtahanında hər kəsə uğurlar arzu edib.
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.