Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) “Cihazqayırma mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə Ümumdünya Metrologiya Gününə Həsr Olunmuş II Elmi-Praktiki Seminar keçirilib.
Onlayn formatda keçirilən görüşdə Metrologiya, standartlaşdırma və sertifikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, həmçinin professor-müəllim heyəti, məzun və tələbələr iştirak edib.
“Cihazqayırma mühəndisliyi” kafedrasının müdiri t.e.d, professor Lalə Bəkirova seminarı giriş sözü ilə açaraq, kafedrada metrologiya və metroloji təminat sahəsində görülən işlərdən və əhəmiyyətindən danışıb. Ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq dərəcəli müəssisələrlə əməkdaşlıq əlaqələrindən, kafedranın qarşıya qoyduğu gələcək planlardan danışan L.Bəkirova həmçinin bu sahəyə marağın böyük olduğunu və kənar müəssisələrdən mütəxəssis cəlb edilməklə, müasir səviyyədə təhsil-istehsalat əlaqəsinin qurulmasından bəhs edib.
Daha sonra, konfransın təşkilatçısı t.e.f.d., dosent Arzu İbrahimova hər kəsi 20 May – Ümumdünya Metrologiya Günü münasibətilə iştirakçıları təbrik edib və metroloji təminat sahəsinin tarixi haqqında, bu istiqamətdə yerli və beynəlxalq səviyyədə həyata keçirilən işlər, həmçinin gələcək perspektivlər haqqında məlumat verib.
Azərbaycan Texniki Universitetinin (ATU) professoru Elçin İsgəndərzadə çıxışında, metrologiya və metroloji təminat sahəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə ATU arasında sıx əlaqənin olduğunu bildirib.
Sonra “CBM Engineering” MMC-nin direktoru Zülfüqar Nurubəyli, SOCAR-ın müxtəlif elmi tədqiqat institutları və istehsalat müəssisələrində metrologiya üzrə məsul vəzifələrdə çalışan əməkdaşları- Sevinc Abiyeva, Pərviz Quliyev, Elşən Fətəliyev, Vüqar Məmmədli, Ələkbər Kərimov, BP- Cihazlara nəzarət üzrə mütəxəssis Asif Mustafayev, Ə.Əmirov adına NQÇİ, İPA və NÖCXS-nin rəisi Ağa Məmmədov, “Azərbaycan Hava Yolları” QSC, Metroloji Xidmətin baş metroloqunun müavini Kamil Həsənov və digər fəxri qonaqlar ayrı-ayrılıqda hər kəsi təbrik edərək, bu istiqamətdə həyata keçirilən planlardan söhbət açıb və ixtisasın gələcək perspektivləri haqqında seminar iştirakçılarına geniş məlumat veriblər.
Daha sonra “MKT İstehsalat Kommersiya” MMC-nin “Standartlaşdırma və metrologiya” şöbəsinin rəisi Elmin Bağışov Metrologiyada qeyri-müəyyənlik haqqında seminar iştirakçılarına məlumat verib, bu istiqamətdə faktiki görülən işlərdən və mövcud problemlərin qeyri-müəyyənlik bazasında həllindən danışıb.
Sonda metrologiyanın elm və texnikada rolu, müəssisələrdə onun əhəmiyyəti, bu istiqamətdə baş verə biləcək problemlər, perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.