×

Xəbərlər

Xəbərlər 06 May 2021
ADNSU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi Konfransının bağlanış iclası keçirilib

Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçı və Doktorantların (dissertantların) Elmi Konfransının bağlanış iclası keçirilib. 21 və 24 may tarixlərində onlayn formatda keçirilmiş konfransda ADNSU-nun 7 fakültəsinin professor-müəllim heyəti, magistrant və doktorantları ilə yanaşı,  ADİU, ADPU, AzTU, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi, Geofizika və Geologiya İnstitutu, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası ETİ-nin, AMEA İnformasi­ya Texno­logiyaları İnstitutunun gənc tədqiqatçıları da iştirak edib.  İki gün ərzində 8 bölmə üzrə  panel iclaslarda seçilmiş 176 məruzədən 150-si dinlənilib.

Konfransın bağlanış iclasında bölmə rəhbərləri – prof.Yunis Qəhrəmanlı, dos.Dürdanə Şiriniova, dos.Maral Əliyeva, dos.Gülgəz İsmayılova, dos.Ramiz İsmayılov, dos.Yaşar Hacıyev, prof.Ələsgər Əliyev və prof. Qənimət Səfərov hesabatla çıxış edib, məruzələr haqqında ətraflı məlumat veriblər. 

ADNSU-nun rektoru, prof.Mustafa Babanlı iclasda çıxış edərək konfransın gedişini izlədiyini qeyd edərək bölmələrdə müzakirə olunan mövzularla bağlı özünün irad və təkliflərini bildirib. Konfransda gənc tədqiqatçların il ərzində aldıqları nəticələrin müzakirə olunduğunu qeyd edən rektor M.Babanlı keyfiyyətə üstünlük verilməsinin, növbəti konfranslarda məruzələrin kafedra, fakültə, doktorantura seminarlarında dinlənildikdən və ciddi ekspertizadan keçirildikdən sonra qəbul edilməsinin zəruriliyini təşkilatçıların diqqətinə çatdırıb. O, belə müzakirələrin elmin inkişafı və gənc tədqiqatçıların püxtələşməsi baxımından əhəmiyyətini vurğulayıb, konfransın keçirilməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

ADNSU-nun professoru Lətafət Qardaşova doktorantlara elmi fəaliyyətlə məşğul olmaq üçün yaratdığı əlverişli şəraitə görə universitetin rəhbərliyinə, eləcə də konfransın təşkilində fəal iştirak etmiş dos.Rəna İsmayılovaya, Nərgiz Əsgərovaya, Süqrə Avazovaya, İT departamentinin əməkdaşları Elnur Səfərliyə, Salman Salmanova, TEC sədri Elviz İsmayılova, həmçinin bölmələr üzrə məsul şəxslərə - Kəmalə Abdullayeva, Zivər Fərzəlizadə, Fəxri Nifdalızadə, Aytac Əliyeva və  Mehriban İmranovaya tədqiqatçılar adından təşəkkür edib.

O, növbəti həftə universitet rəhbərliyinin iştirakı ilə bölmə rəhbərlərinin məruzələrin nəşrə hazırlanması ilə əlaqədar apardıqları ekspertizanın nəticələrinə həsr olunmuş iclasın keçiriləcəyini, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş mötəbər konfransın materiallarında ən layiqli məruzələrin dərc ediləcəyini diqqətə çatdırıb.


Paylaş