İyulun 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində (UFAZ) ABŞ-ın Oklahoma Universitetinin Neft və Geologiya Məktəbinin Direktoru Runar Nygaard ilə görüş olub.
Görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov, ADNSU nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, ADNSU-nun Neft və Qaz mühəndisliyi fakültəsinin dekanı Elman İsgəndərov, UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov, ABŞ-ın Azərbaycandakı səfirliyinin Təhsil işləri üzrə mütəxəssisi Raminə Mürşüdova və UFAZ-ın Təhsil departamentinin rəhbəri Lətifə Nəsibova iştirak ediblər.
Əvvəlcə qonaqları salamlayan Vazeh Əskərov ADNSU və UFAZ barədə qonaqlara ətraflı məlumat verib. Universitetin yaranma tarixi və tədris sahələri ilə qonaqları tanış edib.
Gəncə Dövlət Aqrar Universiteti ilə Oklahoma Universiteti arasında akademik əməkdaşlıq layihəsi çərçivəsində Azərbaycana səfər etdiyini bildirən qonaq bu istiqamətdə UFAZ təcrübəsinin onlar üçün faydalı olacağını bildirib. Görüşdə Oklahoma Universiteti ilə ADNSU arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.