×

Xəbərlər

Xəbərlər 04 Aug 2021
ADNSU-nun rektoruna Beynəlxalq Ekoenergetika Akademiyasının medalı təqdim olunub

Avqustun 4-də Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev və Akademiyanın bir qrup nümayəndəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olublar. ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə son illər ərzində ADNSU-nun əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr barədə qonaqlara məlumat verib. Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev ADNSU-nun ölkədə mühəndis kadrlarının hazırlanmasındakı və texniki elmin inkişafındakı müstəsna rolunu vurğulayaraq qocaman ali məktəbin əvvəlki şöhrətini özünə artıqlaması ilə qaytarmasından böyük qürur hissi keçirdiyini bildirib. Sonra o ADNSU-nun rektoru, professor M.Babanlıya Beynəlxalq Ekoenergetika Akademiyasının medal və sertifikatını təqdim edib. ADNSU-nun rektoru, prof. Mustafa Babanlı xüsusi diqqətə və univeritetin fəaliyyətinə verilən qiymətə görə Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev və tədbirdə iştirak edən qonaqlara təşəkkür edib. O, ADNSU-nun qazandığı uğurun bütövlükdə universitetin kollektivinin uğuru olduğunu qeyd edib və qarşıya qoyulan hədəflərə çatılması üçün bundan sonra səylərin davam etdiriləcəyini vurğulayıb.


Paylaş