Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin II kurs tələbələri ilə görüşüb. Görüş Koronavirus (Covid-19) pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş zəruri göstərişlər nəzərə alınaraq baş tutub. Geoloji kəşfiyyat, Qaz neft-mədən fakültəsinin tələbələrinin iştirakı ilə keçirilən görüşdə ilk olaraq 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra rektor, professor Mustafa Babanlı sentyabrın 29-dan etibarən universitetdə ənənəvi formatda tədrisə start verilməsi üçün yaradılmış şərait haqqında tələbələrə məlumat verib. Koronavirus pandemiyası ilə mübarizədə respublikada əldə olunmuş müsbət nəticələr haqda məlumat verən rektor M.Babanlı ölkədə virus əleyhinə yüksək templə aparılan vaksinasiyanın əhəmiyyətini vurğulayıb. ADNSU-nun professor-müəllim heyətinin vaksinasiya prosesində aktiv surətdə iştirak etdiyini və bu prosesdə tələbələrin də fəallıq nümayiş etdirdiyni məmnunluqla qeyd edən rektor M.Babanlı universitetdə ənənəvi tədrisin tələbə və müəllimlərin sağlamlığına təhlükə yaratmadan həyata keçirilməsi üçün görülən işlərdən – mütəmadi dezinfeksiya tədbirləri, girişdən hər kəsin hərarətinin ölçülməsi, hər mərtəbədə çoxlu dezinfeksiya məhlulu ilə dolu aparatlarının yerləşdirilməsi, tələbələrin dərslərdə sosial məsafəni gözləyərək əyləşdirilməsi və s. haqda məlumat verib. Rektor M.Babanlı cari tədris ilində daha keyfiyyətli tədris aparılması istiqamətində görülən işlər haqqında da tələbələri məlumatlandırıb. Sonda tələbələrin suallarını cavablandıran rektor M.Babanlı yeni tədris ilində bütün tələbələrə müvəffəqiyyətlər arzulayıb.