Sentyabrın 22-23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin iştirak etdiyi (ADNSU) “UniLab” layihəsi çərçivəsində Avstriyanın Krems Universiteti tərəfindən yaradılan “UniLab” portalının təqdimatı keçirilib.
Partnyor universitetlərin iştirak etdiyi onlayn görüşdə ADNSU-nun əməkdaşları və tələbələr də iştirak edib. Təqdimatda yeni yaradılan portalın partnyor universitetlər, həmçinin şirkətlər və tələbələr üçün əhəmiyyətindən danışılıb, əsas imkanları və üstünlükləri haqqında məlumat verilib və iştirakçıların təklifləri dinlənilib.
Qeyd edək ki, “UniLab” portalı universitetlərlə şirkətləri bir araya gətirən vahid bir platforma kimi tələbələrə ixtisasları üzrə təcrübə və iş imkanları haqqında məlumat əldə etmək, şirkətlərə isə vakansiyalarla bağlı məlumat paylaşmaq imkanı yaradır. Portalda yerləşdirilən bütün beynəlxalq təcrübə və iş elanlarına ADNSU tələbələri də müraciət edə bilərlər.