Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “ 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, professor-müəllim heyəti iştirak edib, həmçinin tələbələrə tədbirdə onlayn iştirak etmək imkanı yaradılıb.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Müstəqilliyin Bərpası günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışıb, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıb. 18 Oktyabr – Müstəqilliyin Bərpası ölkəmizdə zəfər ilinə- torpaqlarımızın işğaldan azad edildiyi bir dövrə təsadüf etməsindən qürur hissi keçirdiyini deyən rektor M.Babanlı bu qələbəni bizə yaşadan şəhidlərə Allahdan rəhmət diləyib.
Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ADNSU-nun “İctimai fənlər” kafedrasının müdiri professor Camal Mustafayev ölkəmizin müstəqillik tarixindən, müstəqilliyimizi şərtləndirən amillərdən, Azərbaycan xalqının milli azadlıq mübarizəsindən və bu yolda keçdiyi çətinliklərdən danışıb.
Daha sonra ADNSU-nun 623.19 saylı qrup tələbəsi Rüfət Rüstəmov çıxış edərək, müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu deyib və Azərbaycanın bir əsrdə iki dəfə müstəqillik əldə etdiyini qeyd edib.