Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın ənənəvi formatda növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verdikdən sonra Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayevi 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb.
Sonra gündəliyə uyğun olaraq ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov Covid-19 pandemiyası ilə bağlı fakültələr və kurslar üzrə tədrisi tam və ya qismən onlayn rejimə keçirilən qrupların və təhsilalanların statistikası ohaqqında məlumat verib. Rektor Mustafa Babanlı Covid-19 pandemiyası ilə bağlı universitetdə həyata keçirilən qabaqlayıcı işlərdən danışıb, tələbə və müəllimlərin təhlükəsizliyinin təmin olunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları və Təhsil Nazirliyinin tövsiyəsi əsasınıda təxirəsalınmaz tədbirlərin icra olunduğunu, müəllim və tələbələr arsında yoluxma faktı qeydə alınarsa, dərhal yerində tədbir görüldüyünü bildirib. O, eyni zamanda universitetin əməkdaşlarının və tələbələrinin vaksinasiyası ilə bağlı heç bir problemin olmadığını deyib.
İclasda yeni tədris ilində keyfiyyətli təhsilin təşkilindən danışan rektor Mustafa Babanlı əsas fəaliyyət istiqamətləri üzrə göstəricilər, bu istiqamətdə çatışmazlıqların aradan qaldırılması, cari tədris ilində əsas hədəf istiqamətləri, eləcə də növbəti 5 il üçün yerinə yetiriləcək elmi-tədqiqat işlərinin planlarının hazıralanması və digər mühüm məsələlər haqqında irad və təkliflərini bildirib. Gündəliyə uyğun olaraq 2020-2021-ci tədris ilinə planlaşdırılmış akademik yükün yerinə yetirilməsi və 2021-2022-ci tədris ilinə professor-müəllim və tədris-köməkçi heyətin ştatı barədə məlumat verilib. Dissertasiya şuralarının fəaliyyəti haqqında Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova məruzə ilə çıxış edib. Həmçinin, Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayevin fakültənin fəaliyyəti haqqında illik hesabatı dinlənilib. Elmi Şuranın iclasında gündəlikdə olan bütün məsələlər şüra üzvlərinin müzakirəsinə çıxarılıb, yekdil qərarlar qəbul olunub. O cümlədən, Tədris laboratoriyalarının vəziyyətinin və laboratoriya işlərinin məzmunun analiz edilməsi ilə bağlı komissiyanın yaradılması haqqında qərar qəbul edilib.