×

Xəbərlər

Xəbərlər 25 Nov 2021
Elmi Şuranın iclasında ADNSU-nun məzun şəhidlərinin adına auditoriyaların açılması təsdiq olunub

Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın ənənəvi formatda növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib. Sonra İnzibati-təsərrüfat işləri üzrə prorektor dosent Səyami Hüseynovun hesabatı dinlənilib. O, universitetda aparılan yenidənqurma və təmir-bərpa işləri, müasir avadanlıqlarla təchiz olunmuş yeni auditoriyaların hazırlanması və icra olunmuş və görüləcək digər təsərrüfat işləri haqqında geniş məlumat verib.

Sonra rektor Mustafa Babanlı Covid-19 pandemiyası ilə bağlı universitetdə həyata keçirilən qabaqlayıcı tədbirlərdən, mövcud vəziyyətdə tədrisin təşkilindən danışıb.  O, tələbə və müəllimlərin təhlükəsizliyinin təmin olunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları və Təhsil Nazirliyinin tövsiyəsi əsasınıda təxirəsalınmaz tədbirlərin icra olunduğunu, bununla bağlı universitetdə yaradılmış komissiyanın öz işini dəqiqliklə yerinə yetirdiyini deyib.

İclasda şəhidlərimizin adının hər zaman uca tutulacağını vurğulayan rektor Mustafa Babanlının təklifi ilə gündəliyə uyğun olaraq Vətən müharibəsində şəhid olmuş ADNSU-nun məzun və tələbələrinin adlarının əbədiləşdirilməsi üçün Elmi Şuranın komissiyasının yaradılması, o cümlədən 22 auditoriyaya ADNSU-nun 22 məzun şəhdinin adının verilməsi müzakirəyə çıxarılıb və şura üzvlərinin yekdil səsverməsi ilə qərar qəbul olunub.

QNMF-nin dekanı, dosent Elman İsgəndərovun illik hesabatı dinlənildikdən sonra Elmi Şuranın komissiyasının “tədris laboratoriyalarının vəziyyətinin və laboratoriya işlərinin məzmununun analiz edilməsi ilə bağlı” yoxlamasının nəticələri barədə  Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov məlumat verib.

ADNSU-da magistratura təhsil səviyyəsi üzrə tədrisin təşkilinə əlavə tədbirlər barədə, o cümlədən magistrların yaddaş kitabçasının təsdiq edilməsi, kafedralarda tədrisin keyfiyyətinə nəzarət və digər məsələlərlə bağlı, həmçinin 2021-2025 ci illərdə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin planının təsdiq edilməsi barədə Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova geniş məruzə ilə çıxış edib.

Elmi Şuranın iclasında gündəlikdə olan məsələlər müzakirə olunduqdan sonra yekdil qərarlar qəbul olunub. Sonda rektor Mustafa Babanlı qeyd olunan bütün məsələr, o cümlədən təhsilin keyfiyətinin yüksəldilməsi ilə bağlı tövsiyyə və tapşırıqlarını verib.


Paylaş