30 Noyabr- 1 dekabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) onlayn formatda I Beynəlxalq Elmi Konfrans keçirilib.
UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və baş katibi Elizaveta Bydanova qonaqları salamlayıb tədbirin işinə uğurlar arzulayıblar.
Tədbirin açılış sessiyasında Azərbaycan Respublikası Təhsil nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Fransanın Azərbaycandakı səfiri Zacharie Gross, ADNSU-nun rektoru professor Mustafa Babanlı, Strasburq universitetinin Prezidenti Michel Deneken, ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova, UFAZ-ın Tədqiqat departamentinin rəhbəri professor Filip Turek çıxış edərək konfransın əhəmiyyətindən və iki ölkə arasında elmi əlaqələrin inkişafında mühüm rolundan bəhs ediblər. Konfransı Azərbaycan və Fransanın ali təhsil sahəsində mühüm hadisə kimi dəyərləndirən iştirakçılar hər iki universitetə böyük töhvə verəcəyinə ümidvar olduqlarını deyiblər.
Açılış mərasiminin əsas qonağı qismində Strasburq universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Jean-Marie Lehn “Həyat boyunca addımlar: Kimya” adlı məruzə ilə çıxış edərək kimya elminin bəşəriyyətin təkamülündə rolu barədə danışıb.
Daha sonra tədbir 3 paralel sessiyada 2 gün ərzində onlayn formatda davam edib. Konfransda ADNSU, UFAZ və Strasburq universitetinin 30 nəfər professor və gənc tədqiqatçısı kimya, yer elmləri və kompüter elmləri sahəsində müxtəlif elmi məruzələrlə çıxış edib. Tədbirdə ümumilikdə 200 nəfərə yaxın tələbə, gənc alim və müəllim iştirak edib.
Noyabrın 30-da, gənc tədqiqatçıların hazırladığı elmi posterlərin təqdimatı olub. Dekabrın 1-də isə müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə “Sənaye ilə əməkdaşlıq – birgə necə işləmək olar?” sessiyası baş tutub. Bu hissədə universitetlər və biznes arasında əməkdaşlığın müxtəlif formaları müzakirə olunub.
Elmi konfransın təşkilatçıları ADNSU ilə yanaşı UFAZ-ın əsas tərəfdaşı olan Strasburq Universiteti, Azərbaycan Respublikası Təhsil nazirliyi, Fransa Respublikasının Ali Təhsil, Tədqiqat və İnnovasiya nazirliyidir.
Konfransda təqdim edilən elmi məruzələr və posterlər barədə daha ətraflı məlumat üçün: https://conference.ufaz.az portalında və https://www.facebook.com/ufaz.university sosial şəbəkə səhifəmizdə tanış ola bilərsiniz.