Dekabrın 15-də İstanbul Gedik Universitetinin rektoru, professor Ahmet Kesiklə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı arasında görüş olub.
Qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən görüşdə iki universitetin rektoru əməkdaşlıq barədə anlaşma Protokolu imzalayıblar. ADNSU-da imzalanmış yeni əməkdaşlıq protokoluna görə hər iki universitetin Erasmus mübadilə proqramı çərçivəsində müştərək fəaliyyəti, süni intellekt, materialşünaslıq mühəndisliyi, mexanika mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi ixtisasları üzrə müəllim və tələbə mübadiləsinin təşkili, o cümlədən birgə elmi tədqiqat işlərinin aparılması və digər məsələlər razılaşdırılıb.
Görüşdə eyni zamanda, İstanbul Gedik Universitetinin də daxil olduğu Gedik Holdinq şirkətinin Neftçala rayonunda yerləşən Elektrik istehsalı müəssisəsində, həmçinin, Bakı şəhərində yerləşən Qaynaq mərkəzində ADNSU tələbələrinin təcrübə keçməsinə şəraitin yaradılması, eləcə də tələbələr üçün qaynaq üzrə sertifikatlı kursaların təşkil edilməsi barədə də razılıq əldə olunub.