×

Xəbərlər

Xəbərlər 19 Dec 2021
İstanbul Kent Universitetinin rektoru ADNSU-da olub

İstanbul Kent Universitetinin rektoru, professor Necmettin Atsünün rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 18-də Azərbayacan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.  Qonaqları səmimi salamlayan ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin tarixi, keçdiyi inkişaf yolu, ölkədə mühəndis kadrlarının hazırlanması işinə verdiyi töhfə haqqında məlumat verib. Rektor M.Babanlı hazırda ADNSU-da müasir ixtisaslar üzrə kadr hazırlığı işindən danışaraq universitetdə süni intellekt, nano materiallar, qida mühəndisliyi və digər müasir ixtisaslar üzrə tədrisin həyata keçirildiyini qeyd edib.

İstanbul Kent Universitetinin rektoru, professor Necmettin Atsü rəhbəri olduğu ali məktəbin gənc ali təhsil müəssisəsi olduğunu, əsasən tibb sahəsində ixtisaslaşdığını və hazırda mühəndisliklə tibb sahələrinin sintezi üzərində yeni ixtisasların tədrisi üzərində düşündüklərini bildirib. O, ADNSU-nun mühəndis ixtisasları üzrə kadr hazırlığı işində çoxillik zəngin təcrübəsinin İstanbul Kent Universitetinin diqqətini çəkdiyini qeyd edib. Professor N.Atsü İstanbul Kent Universiteti ilə ADNSU arasında birgə tədris və tələbə mübadiləsi proqramlarında, o cümlədən müəllimlərin mübadiləsində maraqlı olduqlarını bildirib.

ADNSU-nun rektoru, professor M.Babanlı universitetin səmərəli əməkdaşlığa daim hazır olduğunu qeyd edərək tədqiqat, innovasiyaların tətbiqi, tələbə və müəllimlərin mübadiləsi sahəsində birgə fəaliyyətə hazır olduğunu söyləyib. Hər iki rektor universitetlər arasında konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq bölmələrin əlaqəli şəkildə çalışmasına dair razılığa gəliblər. Görüşdən sonra ADNSU-nun rektoru, professor M.Babanlı Türkiyədən gəlmiş nümayəndə heyətini Azİİ Elektron kitabxanası, HPC Mərkəzi ilə tanış edib.


Paylaş