Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı (ADNSU) Qlazqo İqlim sammitinin yekunlarına həsr olunmuş “POST COP26: Avrasiya ölkələrinin dayanıqlı inkişafı” adlı Beynəlxalq elmi-praktiki konfransda iştirak edib.
Konfransda çıxış edən rektor, professor M.Babanlı universitet haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. “Azərbaycanda karbon tənzimləməsi perspektivləri” adlı məruzə ilə çıxış edən rektor, professor Mustafa Babanlı universitetin alternativ enerji layihələrindən və energetik resursların istifadəsindən bəhs edib.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Qlobal İqlim və Ekologiya İnstitutunun direktoru Anna Romanovskaya, BMT-nin iqlim konfransı COP26-da verilən qərarlarının müsbət və mənfi cəhətlərindən danışıb.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) DİM-in Dayanıqlı İnkişaf və ESG-transformasiya Mərkəzinin direktoru Ruslan Əliyev karbon tullantılarının ixtisarına dair fikirlərini bölüşüb. MDBMİ Beynəlxalq Enerji Siyasəti və Diplomatiyası İnstitutunun direktor müavini İqbal Quliyev də Xəzər regionunun dayanıqlı enerji təminatından bəhs edib.
Daha sonra “Caspian Hydrogen Development Group” şirkətin Müşahidə Şurasının sədri Teymur Abasov ölkədə bərpa olunan enerji mənbələri və hidrogen enerjisinin inkişafı və əlaqədar problemlərdən söhbət açıb.
Qeyd edək ki, Rusiya hökumətinin “Prioritet 2030” strateji elmi liderlik proqramı çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətləri İnstitutunun (MDBMİ) Dayanıqlı İnkişaf və ESG (environmental, social, governance) Transformasiyası Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin tərəfdaşları Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) , Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “Caspian Hydrogen Development Group” şirkəti, habelə Rusiyanın “EnergyTransProject” ETİ-sidir.