×

Xəbərlər

Xəbərlər 25 Dec 2021
ADNSU tələbələri ilə minalarla mübarizə mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilib

Dekabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanda mina problemlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Universitetin tələbələri ilə keçirilən görüşdə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri  Hafiz Səfixanov, Mina Qurbanlarının Sosial İqtisadi  Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, ADNSU-nun Tərbiyyə işləri üzrə prorektoru, dosent  Ata Babayev və tələbələr iştirak ediblər.

Dosent Ata Babayev qonaqları və tələbələri ADNSU-nun rektoru, professor Mustafa Babanlının adından salamlayaraq görüşün məqsədi, belə maarifləndirici tədbirlərin gənclər, o cümldən bütün vətəndaşlarımız üçün əhəmiyyəti haqqında məlumat verib. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra qonaqlar Hafiz Səfixanov və Məmmədhəsən Həsənov həm birinci Qarabağ savaşında, həm də Azərbaycan Ordusunun sarsılmaz qələbəsi ilə bitən ikinci Qarabağ müharibəsindən söz açıblar. Bildirilib ki, hər iki müharibə zamanı erməni işğalçıları Azərbaycan torpaqlarında saysız minalar, partlamamış hərbi sursatlar basdırıblar. Müharibə bitsə də, düşmən xislətinə uyğun olaraq təxribat törətməkdə davam edir və basdırdıqları minalar vasitəsi ilə Azərbaycanın mülki əhalisinə və hərbi qulluqçularına ziyan vurmağa çalışırlar.

Ölkəmizin minalanmış ərazilərini video-təqdimatla göstərən H.Səfixanov qeyd edib ki, düşmənin hər bir hiyləsinin qarşısı ordumuz tərəfindən alınıb. Lakin rəqəmlər göstərir ki, qonşu dövlətlər arasında ən çox mina partlaması nəticəsində zərər çəkən insanlar bizim vətəndaşlarımızdır.  O, belə tədbirlər keçirməkdə əsas məqsədin gənclərimizi bu və ya digər fatktlarla tanış etmək, minalarla mübarizə mövzusunda onlara məlumat vermək olduğunu diqqətə çatdırıb.

Sonda qonaqlar mövzu ilə bağlı tələbələrin suallarını cavablandırıblar.  


Paylaş