×

Xəbərlər

Xəbərlər 27 Dec 2021
Azİİ e-Kitab Evində “Biblioqrafik göstərici” adlı kitabın təqdimatı keçirilib

Dekabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Azərbaycanın məhşur geoloq alimləri seriyası altında geologiya-mineralogiya elmləri doktoru Nəriman Babayevin “Biblioqrafik göstərici” adlı kitabının təqdimatı keçirilib. Kitab geologiya-mineralogiya elmləri doktoru, Neft-qaz geologiyası kafedrasının məsləhətçi professoru Nəriman İbadulla oğlu Babayevin həyat və fəaliyyətinin, həmçinin, istehsalat və elmi pedaqoji fəaliyyətinin əsas tarixlərinə həsr olunub.

Azİİ e-Kitab Evi tərəfindən hazırlanmış göstərici Azərbaycan və ingilis dillərində olmaqla 238 səhifədən ibarətdir.  Müəllifin nəşr olunmuş dərslikləri, monoqrafiyaları, elmi məqalələri, elmi-texniki hesabatları, dövri mətbatda dərc olunmuş yazıları, əsərləri və təltifləri kitabda geniş əks olunub. Eyni zamanda yeni nəşrdə Nəriman Babayevin həmkarlarının ürək sözləri, əsərlərinin biblioqrafik siyahısı, elmi məqalə və tezisləri də yer alıb.

Tədbirdə ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, GKF-nin dekanı, dosent Naməd Paşayev, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova, Neft-qaz geologiyası kafedrasının dosenti İslam Tağıyev, Neft-qaz geologiyası kafedrasının müdiri, dosent Xuraman Muxtarova və digərləri çıxış edərək müəllifin həyat və yaradıcılığndan bəhs ediblər. Onlar belə nəfis nəşrlərin oxucular üçün çox dəyərli olduğunu bildiriblər. Müəllif Nəriman Babayev öz təcrübəsini iştirakçılarla bölüşərək kitabın ərsəyə gəlməsindən danışıb, tədbir iştirakçılarına və kitabın çapında xidməti olan hər kəsə təşəkkür edib.

Sonda S.Mahmudova əsasən geologiya və geokimya üzrə ixtisaslaşan alimlər, mütəxəssislər, ali məktəblərin tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın Azİİ e-Kitab Evinin elektron kataloquna və elektron bazasına daxil olunması haqqında iştirakçılara məlumat verib və yeni nəşrin bir neçə nüsxəsi kitabxanaya təhvil verilib.


Paylaş