×

Xəbərlər

Xəbərlər 29 Dec 2021
ADNSU-nun Elmi Şurasının 2021-ci il üçün son iclası keçirilib

Dekabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın ənənəvi formatda növbəti iclası keçirilib. Öncə rektor, professor Mustafa Babanlı “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Rauf Əliyarovu 70 illik yubileyi və “Neft-mexanika” fakültənin dekanı, dosent Əli Hikmət Əhmədovu 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Sonra rektor, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verdikdən sonra COVİD-19 virusuna yoluxma, qorunma, vaksinləşmə və tədris prosesi barədə danışıb və kefiyyətli təhsil üçün tələbə və əməkdaşların sağlamlığının əsas şərt olduğunu deyib.

Universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, həmçinin, Vətən müharibəsində şəhid olmuş ADNSU-nun məzun və tələbələrinin adlarının əbədiləşdirilməsi məqsədilə yaradılmış komissiyanın hesabatı barədə məruzə ilə çıxış edib.

Elmi Şuranın iclasında ADNSU-da Ümumi və tətbiqi riyaziyyat kafedrasının rəhbərliyi ilə “Baku Mathematical Journal” adlı beynəlxalq elmi jurnalın təsis edilməsi haqqında “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, professor Araz Əliyev məruzə ilə çıxış edib. O, jurnalın redaksiya heyəti, fəaliyyət istiqaməti haqqında ətaraflı məlumat verib.

İclasda Elmlər doktoru proqramı üzrə qəbul olunmuş doktorant və dissertantların dissertasiya mövzularının təsdiqi barədə universitetin Doktorantura şöbəsinin müdiri, dosent Zülfiqar İbrahimli, “Neft-mexanika” fakültəsinin hesbatı ilə bağlı, fakültənin dekanı, dosent Əli Hikmət Əhmədov, Kvalifikasiya işləri barədə elmi katib Nərminə Əliyeva, həmçinin “QS” reytinqində iştirakla bağlı həyata keçirilən işlər barədə Beynəlxalq əlaqələr üzrə prorektorun müavini, dosent Ülviyyə Abbasova məlumat veriblər.

Gündəliyə uyğun olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Təhsil Nazirliyinin 2022-ci təqvim ili üzrə birgə fəaliyyət planı haqqında çıxış edən rektor, professor Mustafa Babanlı təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlərdən danışıb, perspektiv layihə və proqramlar haqqında icalas iştirakçılarına məlumat verib. İkili diplom proqramların icrasından da söz açan rektor beynəlxalq əlaqələrin daha da genişləndirilməsi, keyfiyyətli təhsillə yanaşı, elmi nailiyyətlərin daim inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Elmi Şuranın iclasında müzakirəyə çıxarılan məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra, yekdil qərarlar qəbul olunub. Rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.


Paylaş