Yanvarın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın ənənəvi formatda növbəti iclası keçirilib. Gündəlikdə olan məsələləri elan etməmişdən öncə ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Geofizika” kafedrasının məsləhətçi-professoru, Geologiya-mineralogiya elmləri doktoru, akademik Pərviz Məmmədovu 85 illik yubileyi və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalovu 70 illik yubileyi münasibəti ilə təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı arzu edib.
Sonra rektor, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verdikdən sonra COVİD-19 virusuna yoluxma, qorunma, vaksinləşmə və bunun tədris prosesinə təsiri barədə danışıb və kefiyyətli təhsil üçün tələbə və əməkdaşların sağlamlığının əsas şərt olduğunu deyib. Rektor həmçinin, HORİZON 2020 layihələrində iştirak haqqında da məlumat verib və ADNSU-nun bu beynəlxalq layihədə təmsil olunmasının universitet üçün ciddi uğurlar vəd etdiyini diqqətə çatdırıb.
İclasda 2022-ci təqvim ilində ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşlar barədə danışan rektor, professor M.Babanlı kafedra və müəllimlərin qiymətləndirilmə meyarlarının şəffaf aparılmasının vacibliyinin deyib. Sonra o, “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının AMEA-nın Geologiya və Geofizika İnstitutunda filialının yaradılması barədə məluat verib və bu təklif də Şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.
Elmi Şuranın iclasında gündəliyə uyğun olaraq Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında hər hansı bir fənn üzrə qrup tələbələrinin 40%-dən çoxunun kredit borcu yarandığı zaman həyata keçirilən tədbirlər barədə məlumat verdikdən sonra Magistratura bölməsinin dekanı, dosent Aida Şahməmmədova ADNSU-da magistr hazırlığının vəziyyəti, Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev fakültənin illik hesabatı ilə bağlı məruzə ilə çıxış ediblər. İclasda həmçinin, ADNSU-nun Doktorantura şöbəsinin müdiri, dosent Zülfiqar İbrahimli Fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertantların mövzularının təsdiqi, Elmlər doktoru proqramı üzrə qəbul olunmuş doktorant və dissertantların dissertasiya mövzularında qismən dəyişiklik edilməsi ilə bağlı məlumat verib.
Elmi Şuranın iclasında gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub. Rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.