×

Xəbərlər

Xəbərlər 10 Feb 2022
“Nextsale” startapının satın alınması ilə bağlı məlumatlandırma tədbiri keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin məzun rezidenti olan “Nextsale” startapının ABŞ-ın tanınmış vençur şirkəti tərəfindən satın alınması ilə bağlı məlumatlandırma tədbiri keçirilib.

Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baykar şirkətinin texniki direktoru və “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təmsilçisi Məmməd Kərim, ali təhsil müəssisələrinin rektorları, “Nextsale” startapının təsisçisi  Orxan Hacıyev, texnologiya və İT sahəsində fəaliyyət göstərən təşkilatların rəhbərləri, startapçılar  və digər şəxslər iştirak ediblər.

 “Nextsale” startapı barədə təqdimat zamanı ideyanın əsasən elektron ticarət saytları üçün dizayn həlləri, satışlar və sayta olan sosial güvəni artırmaq, SMS, telefon nömrələrini yığmaqdan ibarət olduğu bildirilib. Qeyd olunub ki, şirkət ilk vaxtlar saytda öncəki istifadəçilərin yeni ziyarətçilərə nə etdiklərini göstərən tətbiq kimi (sosial sübut - social proof) başlasa da, sonralar funksiyalarını inkişaf etdirərək tam və bütöv konversiya platformasına çevrilib. Belə ki, “Nextsale” sayta daxil olan ziyarətçilərin adını, elektron ünvanını, mobil nömrəsini və s. marketinq üçün lazımi məlumatları toplayaraq “popap” pəncərələr vasitəsi ilə kupon kodları təklif etməyə başlayıb və bu da startapa satışlarını artırmağa imkan yaradıb.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı da iştirak edib. Tədbir zamanı universitetlərdə startap ekosisteminin inkişaf etdirilməsi və inkubasiya mərkəzlərinin yaradılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi diqqətə çatdırılıb. Eyni zamanda innovativ ideyaları inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi məsələləri də müzakirə olunub. 

“Nextsale” startapının əsası 2018-də qoyulub. 2020-ci ildə ilin startapı seçilən və bir sıra yerli, beynəlxalq mükafatlar qazanan “Nextsale” toxum investisiya mərhələsində ilk investisiyanı “SUP VC” tərəfindən əldə edib və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olub. Startap, həmçinin Türkiyədə fəaliyyət göstərən "ITU Magnet" Akselerasiya Proqramının məzunudur.

Hazırda startap komandası yeni bir məhsul olan Uvodo - onlayn satış etmək istəyən hər kəs üçün bütün verilənlər bazasının istifadəçisinin öz serverində saxladığı e-ticarət platforması üzərində işləyir.


Paylaş