×

Xəbərlər

Xəbərlər 24 Feb 2022
ADNSU-da II Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb

Fevralın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” II Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb.

Konfransın açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, universitetin professor-müəllim heyəti, Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəyli və doktorantlar iştirak ediblər.

“Təbii ehtiyatlar, ekoloji problemlər” mövzusunda keçirilən paralel görüşdə çıxış edən rektor, professor M.Babanlı “Azərbaycanda bərpa olunan enerji sahələrinin inkişafı” mövzusunda geniş təqdimatla çıxış edib. Ölkəmizin alternativ enerji potensialından və bərpa olunan enerji ehtiyatlarının inkişaf etdirilməsindən danışan rektor M.Babanlı Azərbaycanda alternativ enerjiyə keçid üçün kifayət qədər baza olduğunu bildirib və bu sahənin tədrisində universitet olaraq maraqlı olduğunu qeyd edib.

Konfransda “XXI əsrin enerji transformasiyası – Azərbaycan enerji sektoruna baxış” mövzusunda video təqdimatla çıxış edən professor N.Yusifbəyli enerji transformasiyasının dinamikası və mühüm trendlərindən danışıb.

Sonra ADNSU-nun İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev “Ermənilərin Azərbaycana ərazi iddiaları tarixindən” mövzusunda geniş təqdimatla çıxış edərək, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi tarixindən, ermənilərin Azərbaycan torpaqlarına ərazi iddialarından, həmçinin tarixi münaqişələrdən söz açıb.

ADNSU-nun doktorantı Faiq Nağıyev “İşğaldan azad edilmiş Qarabağ bölgəsində ekoloji terrorun nəticələrinin öyrənilməsi” mövzusunda təqdimatla çıxış edib. Ermənilərin azad olunmuş ərazilərdə törətdikləri ekoloji terrorun fəsadlarının aradan qaldırılması istiqamətində görülə biləcək işlərdən danışıb.

Daha sonra konfrans paralel bölmələrdə öz işini davam etdirib.

Qeyd edək ki, konfransa 127 elmi məqalə qəbul olunub. Onlayn və offlayn formatda keçirilən elmi konfrans fevralın 25-də yekunlaşacaq.

 


Paylaş