Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində şəhid Əlihüseyn Elşad oğlu Məmmədova həsr olumuş “Mən Əliyəm” kitabının və “Dönməsəm xatirəm qalsın” fotoalbomunun təqdimatı keçirilib.
Tədbirdə şəhidimizin anası Arzu Məmmədova və yaxınları ilə yanaşı, ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Energetika fakültəsinin dekan müavini Gülaya Məmmədova, Enerji istehsalı texnologiyaları kafedrasının müdiri, dosent Şükür Nəsirov, kafedranın digər əməkdaşları və tələbələr iştirak ediblər.
Təqdimatı giriş sözü ilə açan Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova tədbir haqqında iştirakçılara məlumat verib. ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev Azərbaycanın igid övladları, qəhrəman şəhidləri, o cümlədən, şəhid Əlihüseyn Məmmədovun şücaəti haqqında danışdıqdan sonra şəhidimizin anası A.Məmmədova övladı haqqında təəssüratlarını bölüşüb.
Müəllifi Sürəyya Xəlil olan kitabda 44 günlük Vətən müharibəsi iştirakçısı, şəhid Əlihüseyn Məmmədovun həyat yolundan bəhs olunur. Əsərdə Ə.Məmmədovun valideynlərinin və qrup yoldaşlarının xatirələri, şerlər, həyatının müxtəlif dövrlərinə aid fotolar da yer alıb. Fizuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuş Ə.Məmmədov “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına” görə medalları ilə təltif olunub.
Tədbir iştirakçıları eyni zamanda Azİİ e-Kitab Evində təşkil olunmuş “Qarabağ Azərbaycandır, Zəfər Azərbaycanındır” adlı kitab sərgisinə də baxıblar. Sərgidə 44 günlük Vətən müharibəsində və ümumilikdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycanın igid oğullarına və eyni zamanda ADNSU-nun şəhid məzunlarına həsr olunmuş kitablar yer alıb.