×

Xəbərlər

Xəbərlər 10 Mar 2022
UFAZ-da “Ali Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Qlobal Avropada Qadınlar Elmdə” mövzusunda konfrans keçirilib

Martın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ)  8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azerbaijani Women in Science (AWiS) Assosiasiyası və Fransanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi “Ali Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Qlobal Avropada Qadınlar Elmdə” adlı konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan UFAZ-ın baş katibi Elizaveta Bydanova konfransın əhəmiyyətindən və qadınların elmdə rolundan danışıb.

ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov rektor, professor Mustafa Babanlının adından konfrans iştirakçılarını salamlayaraq, konfransın həsr olunduğu mövzunun aktuallığından söz açıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Aysel Kərimli, Fransa Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq üzrə Müşaviri Jerom Kelle, Strasburq Universitetinin prorektoru, professor Ketrin Florenz və digərləri çıxışlarında qadınların müasir cəmiyyətdəki rolu, inkişaf statistikası, elmdə, həmçinin digər ictimai-siyasi sahələrdə qadınların xüsusi payından danışıblar.

Xarici qonaqların da iştirak etdiyi konfrans onlayn və offlayn formatda panel müzakirələrlə davam edib.

Qeyd edək ki, tədbir 8-9 Mart tarixlərində Fransanın Avropa İttifaqında sədrliyi çərçivəsində və Fransanın Ali Təhsil, Tədqiqat və İnnovasiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, İnkişaf üçün Tədqiqat İnstitutu və Avropa Komissiyasının təşkilatçılığı ilə Fransada baş tutacaq “Ali Təhsil,Tədqiqat və İnnovasiyalar üzrə Qlobal Avropa” Marsel Konfransına paralel olaraq keçirilib.

Panel müzakirələrin məqsədi həm Fransada, həm də Azərbaycanda Avropa əməkdaşlığı kontekstində Ali Təhsil, Tədqiqat və İnnovasiya sahəsində qadınların rolunu vurğulamaq, həmçinin, gələcəkdə Azərbaycanın müxtəlif bölgələrindən olan məktəbli qızların UFAZ-ın təhsil proqramlarında iştirakını artırmaq üçün AWiS assosiasiyası ilə qız tələbələr arasında daha möhkəm əlaqələr yaratmağa kömək etməkdir.


Paylaş