×

Xəbərlər

Xəbərlər 10 Mar 2022
ADNSU-nun 6 tələbəsi “AzerGold” QSC-nin elan etdiyi “Təqaüd proqramı”nın qalibi olub

Martın 10-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) peşə və ali təhsil müəssisələri üçün elan etdiyi “Təqaüd proqramı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Emin Əmrullayev, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov,  Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) direktor müavini, direktoru vəzifəsini icra edən Ceyhun Kərəmov, eləcə də ali təhsil müəssisələrinin rektorları və müsabiqə qalibləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “AzerGold” təqaüdünü qazanmış tələbələri təbrik edib, onlara təhsil və karyera həyatında uğurlar arzu edib. İdarə Heyətinin sədri təqaüd proqramları haqqında ətraflı bəhs edərək layihənin cəmiyyətin orta və uzunmüddətli strategiyası çərçivəsində müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların zamanında cəlb olunması planı çərçivəsində ötən ilin sonlarından etibarən həyata keçirildiyini qeyd edib. Bildirilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələri əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.

Təhsil naziri Emin Əmrullayev peşə sahəsində “AzerGold” QSC ilə mövcud əməkdaşlığın əhəmiyyətinə toxunub. Nazir bildirib ki, təqaüd proqramının tətbiqi gənclər üçün stimul kimi qiymətləndirilə bilər. O, həmçinin işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılmasının zəruriliyindən danışıb. Emin Əmrullayev çıxışının sonunda təqaüd proqramını qazanmış tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov da öz növbəsində “AzerGold” QSC ilə PTDA arasında mövcud əməkdaşlıqdan danışıb. Ceyhun Kərəmov deyib ki, 2021-ci ildə imzalanmış əməkdaşlığa dair fəaliyyət planına uyğun olaraq həyata keçirilən təqaüd proqramına Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən ümumilikdə 60 tələbə müraciət edib. Ceyhun Kərəmov əlavə edib ki, “AzerGold” QSC-nin əməkdaşları bir neçə peşə təhsil müəssisəsinin müəllim heyəti üçün ixtisasartırma təlimləri keçirib və onların şirkətin istehsalat sahələrinə səfəri təşkil edilib. Cari ildə əməkdaşlıq çərçivəsində yeni təhsil proqramlarının və tədris resurslarının hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi nəzərdə tutulub. Tədbirdə qeyd edilib ki, ali təhsil müəssisələrindən 9, peşə təhsili müəssisələrindən isə 18 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə 27 qalibin hər biri üçün 9 ay müddətində ümumilikdə 1800 AZN məbləğində təqaüdün verilməsinə artıq başlanılıb. Proqramda iştirak etmiş tələbələrin gələcəkdə müvafiq vəzifələr üzrə işlə təmin edilməsi də nəzərdə tutulur.

Daha sonra təqaüd proqramını qazanmış tələbələrin təmsil olunduğu ali məktəblərdən - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(ADNSU), Azərbaycan Texniki Universiteti (ATU) və Bakı Dövlət Universitetinin (BDU) rektorları çıxış ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı çıxışında ADNSU ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti  arasında əməkdaşlıq memorandumu imzalandığını xatırladıb və qeyd edib ki, ikitərəfli əməkdaşlıqda əsas məqsədin təhsilə və elmi-texniki inkişafa dəstək, geologiya və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə verməkdir. Rektor, professor Mustafa Babanlı mükafatlandırılan tələbələri təbrik edərək belə layihələrin təkcə tələbələr üçün yox, həm təhsil müəssisələri, həm də istehsalat müassisəsi üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb və tələbələrin stimullaşmasında böyük rol oynadığını deyib. Onu da qeyd edək ki, “AzerGold” QSC-nin peşə və ali təhsil müəssisələri üçün elan etdiyi “Təqaüd proqramı” müsabiqəsinin qalibləri arasında ADNSU tələbələri üstünlük təşkil edir. Belə ki, ali təhsil müəssisələrindən “Təqaüd proqramı”nı qazanmış 9 tələbədən 6 nəfəri ADNSU-nun tələbəsidir.

Sonda təqaüd proqramını qazanmış tələbələrə sertifikat və xatirə hədiyyələri təqdim olunub.


Paylaş