Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İngiltərənin Aston Universitetinin Peşəkar Mühəndislik Mərkəzinin direktoru Bill Glew və nümayəndə heyəti ilə işçi görüş keçirilib.
Görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliklərinin nümayəndələri, British Council Azərbaycan-ın nümayəndəsi və qonaqlar iştirak edib.
ADNSU ilə Aston Universiteti arasında magistratura pilləsi üzrə ikili diplom layihəsinin müzakirə olunduğu görüşdə yeni tədris ilindən ADNSU-da “Bərpa olunan və davamlı enerji” ixtisasının tədrisinin perspektivləri və qarşıda duran məsələlərdən danışılıb. Bundan əlavə yeni tədris olunacaq ixtisasın tədris planı, tədris strukturu və proqramlar barədə görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2022/2023-cü tədris ilindən Aston Universiteti ilə ikili diplom layihəsi çərçivəsində ADNSU-nun masgitratura pilləsi üzrə yeni “Bərpa olunn və davamlı enerji” ixtisası üzrə qəbul aparılması nəzərdə tutulur. İxtisas üzrə 40 nəfər magistranta ingilis dilində tədris aparılacaq.