Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri Borusan Cat Azərbaycan şirkətində olublar, universitet və şirkət əməkdaşları arasında görüş keçirilib.
Görüşdə ADNSU-nun Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, fakültənin dekan müavini, dosent Tahir Süleymanov, həmçinin, Borusan Cat Azərbaycan şirkətinin Xüsusi layihələr və Müştəri dəstək üzrə biznes inkişaf lideri İlqar Fəxrəddinov, Servis lideri Toğrul Rüstəmli, İnsan resursları üzrə supervayzer Aytən Məmmədova və İnsan resursları üzrə mütəxəssis Xanım Həsənova iştirak ediblər.
ADNSU-nun əməkdaşlarına şirkətin fəaliyyəti haqqında məlumat verilidikdən sonra bildirilib ki, şirkət bu ildən ali təhsil müəssisələri ilə sıx əməkdaşlığa başlayıb. Məqsəd mexanika mühəndisliyi və elektirk mühəndisliyi üzrə yuxarı kurs tələbələrinin şirkətdə təcrübə keçməsini təmin etmək və müsabiqə ilə gənc və istedadlı mütəxəssisləri işə cəlb etməkdir.
Görüş zamanı dosent Əli Hikmət Əhmədov universitet haqqında məlumat verib və ADNSU-nun yetişdirdiyi mütəxəssislərə yerli və beynəlxalq səviyyəli şirkət və ya müəsissələrdə ehtiyac olduğunu deyib.
Sonra şirkət nüamayəndələri Borusan Cat Azərbaycan 2022-təcrübə proqramı ilə bağlı məlumat veriblər. Bildirilib ki, təcrübə proqramında əsas məqsəd tələbələrin biliyinin üzə çıxarılması və istedadlı gəncləri əməkdaşlığa cəlb etməkdir.