Martın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verdikdən sonra koronavirus pandemiyası ilə bağlı ölkədə, o cümlədən dünyada mövcud olan son vəziyyət, eyni zamanda, COVİD-19 pandemiyasının statistikası barədə danışıb. Pandemiya ilə bağlı yumşalmalar olsa da, koronavirus epidemiyasının tam sona çatmadığını qeyd edən rektor, professor Mustafa Babanlı universitetdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına ciddi əməl olunmasının vacibliyini bildirib.
Univeritetdə aparılan təhsil siyasəti və yeniliklərdən danışan rektor, professor Mustafa Babanlı “Rəqəmsal ADNSU: İT departamentinin və idarəedici bölmələrin iş strukturunun yenidən qurulması” barədə geniş mlumat verib. Bildirilib ki, bu sistem formalaşandan sonra orada universitetin hər bir əməkdaşı haqqında tam məlumatlar yer alacaq.
Rektor, Professor Mustafa Babanlı gündəliyə uyğun olaraq “ADNSU əməkdaşlarının elmimetrik göstəriciləri” sorğu anketinin tətbiqi, “2022-2023-cü tədris ilində doktoranturaya qəbul olunanların mövzularına qoyulan tələblər” barədə danışıb. O, bildirib ki, universitetdə tədrisin səviyyəsini qaldırmaqla yanaşı, elmi nailiyyətlərin artırılması və gənc alimlərin yetişdirilməsi də hər zaman diqqətdə saxlanılmalıdır.
Elmi Şuranın iclasında 2022-2023-cü tədris ilində qəbul aparılacaq təkrar ali təhsil ixtisaslarında təhsil haqqının artırılması və tədris aparan professor-müəllim heyətinin əməyinin saathesabı haqqlarının ödənilməsi barədə Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, “Bir il ərzində kafedralar üzrə görülən elmi işlərin nəticələri” barədə Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova və ADNSU-nun beynəlxalq əlaqələrinin vəziyyəti barədə Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov məruzə ilə çıxış ediblər.
Gündəliyinə uyğun olaraq Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanovanın fakültənin fəaliyyəti haqqında illik hesabatı dinlənilib. Həmçinin, Fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertantlarının mövzularının təsdiqi barədə Doktorantura şöbəsinin müdiri, dosent Zülfiqar İbrahimli geniş məlumat verib.
Elmi Şuranın iclasında gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən və yekdil qərarlar qəbul olunduqdan sonra rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.