Aprelin 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Erasmus+ layihəsi çərçivəsində xaricdə səfərdə olan əməkdaşların hesabat görüşü keçirilib.
Görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, dekanlar, kafedra müdirləri, həmçinin universitetin professor-müəllim heyəti iştirak ediblər.
“Xarici dillər” kafedrasının müəllimi Gülşən Əliyeva Erasmus+ proqramı çərçivəsində İspaniyaya səfəri və Alkala Universitetində English- II (Advanced) fənninin tədrisi ilə bağlı geniş hesabatla çıxış edib. O, ezamiyyətdə olduğu müddətdə keçirdiyi tədris prosesi, qiymətləndirmə meyarları və digər mövzular haqqında iştirakçılara ətraflı məlumat verib.
Sonra Beyəlxalq layihələr sektorunun müdiri, Leyla Nağıyeva “UniLab” layihəsi çərçivəsində Fransanın Lille Universitetində tərəfdaş universitetlərlə keçirilən görüşlərlə bağlı hesabatla çıxış edərək, layihənin məqsədi, layihə müddətində keçirilən görüşlər, tərəfdaş universitetlər və qarşıda duran məsələlər haqqında ümumi məlumat verib.
Daha sonra ADNSU-nun rektorunun İT və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev 7-11 mart tarixlərində İspaniyanın Bilbao şəhərində Erasmus+ Work4CE konsorsium layihəsi çərçivəsində keçirilən "T4T” (Train-the-Trainer) beynəlxalq təlim həftəsindən və yeni layihələrdən danışıb.
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Xarici ölkələrdə yerləşən ali təhsil müəssisələrində tədrisdə innovasiyaların tətbiqi, həmçinin təcrübə ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.