×

Xəbərlər

Xəbərlər 06 Apr 2022
Gənc Vətənpərvərlər İctimai Birliyinin əməkdaşlarının ADNSU tələbələri ilə görüşü keçirilib

Aprelin 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gənc Vətənpərvərlər İctimai Birliyinin və universitetin birgə təşəbbüsü ilə tələbələrlə "Narkomaniyaya Yox De" adlı görüş keçirilib.

Tədbirdə öncə Vətən uğurunda şəhid olan qəhrəman Azərbaycan oğullarının ruhu bir dəqiqəlik sükutla yad edib. Sonra ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək rektor, professor Mustafa Babanlının salamını tədbir iştirakçılarına çatdırıb. Azərbaycan cəmiyyətində gənclərin əvəzsiz rolundan danışan prorektor 44 günlük Vətən müharibəsində igid oğullarımızın göstərdiyi şücaətdən, onların qəhrəmanlıq səlnaməsindən bəhs edib. O, qeyd edib ki, bugünkü tədbir üçün əsas auditoriyanın gənclər olması heç də təsadüfi deyildir. İstər təhsil sektorunda olsun, istərsə də ayrı-ayrı fəaliyyət sahələrində olsun, gənclərə dəstək olmaq, onların təhlükəsiz və sağlam formalaşmasını təmin etmək hər zaman diqqət mərkəzindədir.

"Gənc Vətənpərvərlər İctimai Birliyi" nin rəhbəri Müqamət Əliyev tələbələrlə görüşə yaratdığı şəraitə görə ADNSU-nun rəhbərliyinə minnətdarlığını bildirib. O, çıxışında narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsədin gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğat aparılması və sağlam həyat tərzinin qorunması olduğunu deyib. Ölkənin bir neçə yerində mütəmadi olaraq gənclərlə belə görüşlərin keçirildiyini xatırladan M.Əliyev gənclərin layiqli övlad kimi yetişməsi, dövlətinə, xalqına yararlı vətəndaş kimi formalaşması, həmçinin, vətənpərvər ruhda böyüməsi üçün onların sağlamlığının əsas meyar olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə “Öndər TV”-nin baş redaktoru Ramil Əliyev, həmçinin Gənc Vətənpərvərlər İctimai Birliyinin əməkdaşı – media üzrə təmsilçisi Leyla Səfərova da çıxışlarında mövzu ilə bağlı real faktlardan nümunə gətirərək gənclərə öz tövsiyyələrini veriblər.

Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş sertifikatlar, üzərində narkomaniya əleyhinə şüarlar yazılmış köynəklər paylanılıb.

Tədbir iştirakçıları həmçinin, Milli Qəhrəman Mübariz İbrahimovun universitetdə ucaldılan abidəsini, Vətən Müharibəsində şəhid olmuş ADNSU məzunlarının xatirə güşəsini də ziyarət ediblər.


Paylaş