Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022-2023-cü tədris ili üçün “SABAH” qruplarına qəbulla bağlı birinci kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbərinin Tədris işləri üzrə müavini Eldar Qocayev, Tələbələrlə iş üzrə rəhbərin müavini Sevinc Əliyeva, Tələbələrlə iş üzrə menecer Leyla Hüseynova, ADNSU-nun SABAH qruplarının rəhbəri Arzu İbrahimova və tələbələr iştirak ediblər. Tədbir zamanı SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən SABAH qruplarının İcra Komitəsinin rəhbərinin Tədris işləri üzrə müavini E.Qocayev tələbələrə SABAH qrupları haqqında geniş məlumat verib, seçim və qəbul proseduru, tədris imkanları və digər üstünlüklərdən danışıb. SABAH qruplarında təhsil alan tələbələr üçün ixtisasla yanaşı, xarici dil biliklərinin də prioritet olduğunu deyən E.Qocayev müasir əmək bazarının standartlarına uyğun kadr hazırlığında SABAH qruplarının rolunun böyük olduğunu qeyd edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.