×

Xəbərlər

Xəbərlər 13 Apr 2022
ADNSU-da professor İsa Abdullayevin adına laboratoriya açılıb

Aprelin 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ATENAU Ltd Məhdud Məsuliyyətli Müəssisəsi (MMM) və CRESTRON şirkətlərinin birgə texniki dəstəyi ilə Əməkdar elm xadimi, professor İsa Abdullayev adına laboratoriyanın açılışı olub.

Elektronika və avtomatika kafedrasının nəzdində fəaliyyət göstərəcək “Bina avtomatlaşdırılması və İntellektual İdarəetmə sistemləri” laboratoriyasının açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, ATENAU Ltd MMM-in təsisçisi Murat Savaş, rəhbəri Azər Əhmədov, həmçinin İnformasiya texnologiyaları və İdarəetmə fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev, Elektronika və avtomatika kafedrasının müdiri dosent Akif Əlizadə və kafedranın əməkdaşları iştirak ediblər.

İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev giriş sözü ilə çıxış edərək professor İ.Abdullayevin xidmətlərini qeyd edib və ADNSU-da onun adına laboratoriyanın açılmasının əhəmiyyətini vurğulayıb.

ADNSU-nun rektoru, professor M.Babanlı çıxışında görkəmli professorun anım günündə belə bir müasir laboratoriyanın açılışını yüksək qiymətləndirib. Universitetdə İT sahəsində tədrisin praktiki və nəzəri məzmununun təkmilləşdirilməsi baxımından laboratoriyaların əhəmiyyətindən danışan rektor M.Babanlı bu laboratoriyanın da tətbiqi məsələlərlə yanaşı, elmi işlərin ərsəyə gəlməsində mühüm rol oynayacağına ümidvar olduğunu deyib.

Universitetdə tələbələrin praktiki vərdişlərə yiyiələnmələri üçün yaradılan şəraiti yüksək qiymətləndirən ATENAU Ltd MMM-in rəhbəri A.Əhmədov məzunu olduğu ali təhsil ocağında müəllimi İ.Abdullayevin adına müasir laboratoriyanın qurulmasında iştirakdan məmnun olduğunu deyib.

Sonra Elektronika və avtomatika kafedrasının müəllimi R.Dadaşov laboratoriyanın qurucularından olan şirkətlər haqqında təqdimatla çıxış edərək, onların fəaliyyəti və iş prinsiplərindən danışıb, tədrisdə birgə əməkdaşlığın üstünlüklərini qeyd edib.


Paylaş