×

Xəbərlər

Xəbərlər 13 Apr 2022
Malayziyanın Petronas Texnologiya Universiteti ilə ADNSU nümayəndələri arasında görüş keçirilib

Azərbaycan universitetləri ilə Malayziyanın qabaqcıl ali təhsil müəssisələri arasında əməkdaşlıq münasibətləri genişlənir. Belə ki, son bir neçə həftə ərzində ölkəmizin bir sıra ali təhsil ocaqları Malayziyadan olan təhsil müəssisələri ilə videokonfrans formatında müxtəlif görüşlər keçirib, ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində ilkin addımlar atıblar.

Azərbaycan ali təhsil müəssisələri ilə belə görüşlərdən biri aprelin 7-də təkcə Malayziyada deyil, həm də geniş Cənub-Şərqi Asiya məkanında kifayət qədər nüfuzlu Petronas Texnologiya Universiteti (PTU) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri arasında keçirilib. Hər iki ali təhsil müəssisəsindən geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə baş tutan görüşdə tərəfləri maraqlandıran birgə əməkdaşlıq məsələləri, o cümlədən təcrübə və tələbə mübadiləsi, elmi tədqiqatçıların qısa və uzundövrlü qarşılıqlı ezamiyyələrinin təşkili, müştərək elmi layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin qarşıdakı həftələrdə Azərbaycana səfəri nəzərdə tutulan PTU nümayəndə heyətinin səfər gündəliyinin səmərəli təşkili məqsədilə ilkin fikir mübadiləsi aparılıb. Görüş zamanı ADNSU əməkdaşlarına universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, PTU nümayəndə heyətinə isə bu ali təhsil müəssisəsinin vitse-kansleri Mohamed Mutalib başçılıq ediblər.


Paylaş