×

Xəbərlər

Xəbərlər 15 Apr 2022
Azİİ e-Kitab Evində növbəti kitab təqdimatı keçirilib

Aprelin 15-də Azİİ e-Kitab Evində “Neft-qaz yataqlarının işlənməsi” və “Neft və qazın quyu ilə çıxarılması texnologiyası” adlı dərsliklərin təqdimatı keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Şahin İsmayılov, Arif Süleymanov, Südabə Novruzova, Hacı Məlikov, İnqilab Əliyev, Malik Abdullayev tərəfindən ərsəyə gələn kitablar 2022-ci ilin nəşridir, “Elm” nəşriyyatında çap olunub, yüksək keyfiyyətlə və nəfis tərtibatla işlənib. Dərsliklərdə əsasən neft-qaz laylarının və yataqlarının, eləcə də neft və qazın quyu ilə çıxarılmasının nəzəri əsasları, neft quyularının fontan üsulu ilə istismarı, quyuların tədqiqi və istismarı üsulları haqqında ətraflı məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova yeni nəşrin Kitab Evinin bazasına və sisteminə daxil edilərək ADNSU-nun tələbə və əməkdaşlarının istifadə edə biləcəklərindən və oxucular üçün əhəmiyyyət kəsb etməsindən danışıb.

Təqdimatda ADNSU-nun Elmi  işlər üzrə prorektoru, professor Lətafət Qardaşova çıxış edərək kitabın geniş oxucu auditoriyası üçün dəyərli vəsait olduğunu deyib və belə nəşrlərə oxucuların çox ehtiyacının olduğunu bildirib. Kitab müəllifləri də çıxış edərək yeni nəşrin ərsəyə gəlməsindən, burada əhatə olunan mövzulardan danışıblar.

Qeyd edək ki, kitab əsasən Neft-qaz mühəndisliyi ixtısası üzrə təhsil alan tələbələr və bu sahədə çalışan mühəndis-texniki işçilər üçün nəzərdə tutulub.


Paylaş