×

Xəbərlər

Xəbərlər 08 Apr 2022
ADNSU ilə Milli Hidrometeorologiya Xidməti arasında saziş imzalanıb

Aprelin 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  rektoru, professor Mustafa Babanlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva və nümayəndə heyəti ilə görüşüb.

Qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə ADNSU-nun  nəzdində fəaliyyət göstərən “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru, professor Rauf Əliyarov, Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, HPC mərkəzinin elm və təşkilati işlər üzrə icraçısı Nigar İsmayılova, HPC mərkəzinin texniki direktoru Elviz İsmayılov və qonaqlar iştirak ediblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamlayaraq, universitetin HPC Mərkəzi haqqında məlumat verib, mərkəzin ölkədə HPC ilə bağlı elmi texnoloji məsələlərin həlli, kompüter hesablamalarının istifadə olunduğu müxtəlif elm sahələrində, hava proqnozlaşdırması və kadr hazırlığı kimi bir çox istiqamətlərdə çox böyük tətbiq imkanlarına malik olduğunu vurğulayıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi U.Tağıyeva ADNSU ilə əməkdaşlıqdan məmnunluq duyduğunu deyib. O, universitetlə həm texniki, həm də kadr hazırlığı məsələlərində, o cümlədən hava proqnozlaşdırması ilə bağlı lokal proqramların işlənməsi istiqamətində əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəklərini qeyd edib.

Sonda tərəflər arasında təhsil və elmi-texniki inkişaf sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Qeyd edək ki, müqavilə Milli Hidrometeorologiya Xidmətinin vasitəçiliyi ilə ADNSU-nun HPC Mərkəzində Azərbaycanda hava proqnozu modellərinin həyata keçirilməsi üçün Hesablama Platformasının hazırlanması, müvafiq hava proqnozu modellərinin icra olunması, Azərbaycan Respublikasının bütov ərazisi və ayrı-ayrı bölgələri üzrə xüsusi hava proqnozlaşdırma modelinin hazırlanması istiqamətində əməkdaşlığa yönəlib. Bununla yanaşı müqavilədə Milli Hidrometeorologiya Xidmətinin təkliflərinə əsasən müvafiq kadr hazırlığının həyata keçirilməsi, qarşılıqlı sənaye və elmi təcrübə proqramları, həmrəhbərlik prinsipi əsasında elmi-tədqiqatların aparılması istiqamətində əməkdaşlıq məsələləri də nəzərdə tutulub.


Paylaş