×

Xəbərlər

Xəbərlər 21 Apr 2022
ADNSU-nun professoruna Daşkənd Dövlət Texniki Universitetinin “Fəxri professor”u adı verilib

Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Özbəkistan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, Daşkənd Dövlət Texniki Universitetinin İstehsalat proseslərinin avtomatlaşdırılması kafedrasının müdiri, texnika elmləri doktoru, professor Nadirbek Yusupbekov ilə görüş keçirilib.

Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, həmçinin universitetin professor-müəllim heyəti iştirak ediblər.

Qonaqları universitetdə görməkdən məmnunluğunu bildirən rektor, professor M.Babanlı Özbəkistan ali təhsil müəssisələri ilə geniş təhsil əlaqələrindən, birgə layihələrdən  və Daşkənd Dövlət Texniki Universiteti ilə əməkdaşlıqdan danışıb.

ADNSU-da olmaqdan məmnun olduğunu deyən professor N.Yusupbekov ikitərəfli əlaqələrin inkişafından danışıb və belə bir ali təhsil müəssisəsi ilə birgə elmi layihələrin, həmçinin professor-müəllim heyətinin mübadiləsinin onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Professor N.Yusupbekov görüşdə Lütfi Zadə irsinin davamçısı, ADNSU-nun BA proqramlarının direktoru, texnika elmləri doktoru, professor Rafiq Əliyev və onun elmi fəaliyyətindən də söz açıb və böyük alimin yaradıcılığının elmin inkişafında oynadığı rolundan bəhs edib.

Sonra professor Rafiq Əliyevə Daşkənd Dövlət Texniki Universitetinin “Fəxri professoru” adının verildiyini təsdiq edən sənəd və universitetin Fəxri fərmanı təqdim olunub.

Professor R.Əliyev ona verilən fəxri ada və göstərilən diqqətə görə Daşkənd Dövlət Texniki Universitetinə və professor N.Yusupbekova təşəkkürünü bildirib və birgə əlaqələrin inkişafında əlindən gələni əsirgəməyəcəyini deyib.

 

 

 


Paylaş