Aprelin 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Gənc Tədqiqatçı və Doktorantların Elmi Konfransı işinə başlayıb.
Konfransın açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, universitetin professor-müəllim heyəti və gənc doktorantlar iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən rektor, professor M.Babanlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətindən danışaraq bu siyasətin davamı olaraq dövlət proqramı çərçivəsində gənclərin xarici universitetlərdə təhsilə cəlb olunduğunu, həmçinin elmi tədqiqat işlərində onların rolunun artıdığını qeyd edib. O, eyni zamanda elmin inkişafında, xüsusən də süni intelleklə bağlı elmi nailiyyətlərin əldə olunmasında gənc alimlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Sonra ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova konfransın gənc tədqiqatçıların fəaliyyətindəki rolundan və onların belə konfranslarda iştirakının vacibliyindən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin gənc tədqiqatçısı Elnur Həsən konfransın əhəmiyyətindən və gənc tədqiqatçılar üçün yaradılan yüksək şəraitdən danışıb.
ADNSU-nun doktorantları və gənc tədqiqatçıları Rəşad Şıxıyev “Suyun keyfiyyət indeksinin qiymətləndirilməsi üçün qeyri-səlis yanaşmanın tətbiqi”, Tünzalə Əhmədova “Azerbaycan bazarında kompüter məhsullarının kateqoriyalar üzrə satış proqnozu”, Nurlan Mustafayev “Su vurulmasının quyu məhsuldarlığına təsiri” mövzuları üzrə məruzələrlə çıxaş ediblər.
Qeyd edək ki, iki gün davam edəcək konfransda müxtəlif bölmələr üzrə ( Kimya, Kimya-texnologiya, Ekologiya, Geologiya və geofizika, Neft-qaz yataqlarının mənimsənilməsi, Mexanika və maşınqayırma, Energetika və enerji resursları, Avtomatika və informatika, İqtisadiyyat və idarəetmə) plenar iclaslar keçiriləcək.
Konfran işini aprelin 29-da yekunlaşdıracaq.