×

Xəbərlər

Xəbərlər 29 Apr 2022
ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib

Aprelin 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verdikdən sonra koronavirus pandemiyası ilə bağlı ölkədə mövcud olan son vəziyyət barədə danışıb. Pandemiya ilə bağlı yumşalmalar olsa da, koronavirus epidemiyasının tam sona çatmadığını xatırladan rektor, professor Mustafa Babanlı universitetdə may ayının 1-dən etibarən tibbi maskalardan istifadənin və universitetin binalarına giriş-çıxışın fakültələr üzrə şaxələndirilməsi tələbinin aradan qaldırılacağını, hər kəsin ənənəvi giriş-çıxışdan istifadə edə biləcəyini deyib.

Universitetdə aparılan təhsil siyasəti, görülən işlər, yeniliklər və çatışmazlıqlardan danışan rektor, professor Mustafa Babanlı 2022-ci ilin sonuna qədər icra olunması planlaşdırılan layihələr: Xarici dillər, İT, kitab tərcümələri, Qida təhlükəsizliyi laboratoriyaları, kitab evi, yeni ikili diplom proyekti, İELTS, APTİS və ADNSU qiymətləndirmə şkalalarının uyğunlaşdırılması, həmçinin, ADNSU-da həyata keçirilən layihələr barədə: mətbəə, İT, AZERGOLD, HPC  və digər məsələlər haqqında şura üzvlərinə məlumat verib. Hər bir layihə ilə bağlı görüləcək işlər və konkret hədəflər səsləndirilib.

Gündəliyə uyğun olaraq Fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertantların mövzularının təsdiqi, ETAM-ın işinin yenidən qurulması, bir illik fəaliyyəti, görülən işlər və qurumun konsepsiyası barədə Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Kvalifikasiya işləri haqqında Elmi katib, dosent Nərminə Əliyeva, Professor-müəllim heyətinin stajkeçməsi və ixtisasartırmanın təşkili haqqında SMİİYİ-nin direktoru, dosent Hamlet Hüseynov geniş məlumat veriblər. Elmi Şuranın iclasında həmçinin, Rəqəmsal ADNSU: İT departamentinin və idarəedici bölmələrin iş strukturunun yenidən qurulması barədə rektorun müşaviri Rasim Abdullayev, İMF-nin illik hesabatı haqqında fakültənin dekanı, dosent İlham Rüstəmov, Tələbə elmi cəmiyyətinin fəaliyyəti haqqında cəmiyyətin sədri Elviz İsmayılov, ADNSU-da İT istiqamətində tədris olunan fənlərin sillabuslarının yenidən işlənilməsi barədə “Kompüter mühəndisliyi” kafedrasının müdiri, dosent Nazilə Rəhimova məruzə ilə çıxış ediblər.

İclasda gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən və yekdil qərarlar qəbul olunduqdan sonra rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.


Paylaş