Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin büstü önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor M.Babanlı ümummilli lider H.Əliyevin yaşadığı şərəfli ömür yolundan, müxtəlif dövrlərdəki yorulmaz fəaliyyətindən danışıb. Ulu öndərin Azərbaycan üçün misilsiz xidmətlər göstərdiyini deyən rektor M.Babanlı ölkəmizin məhz ulu öndərin uzaqgörən siyasəti sayəsində müstəqillik qazandığını, onun layiqli davamçısı prezident İlham Əliyevin sayəsində isə bu müstəqilliyi qoruyub saxlamağı və daha da gücləndirməyi bacardığını deyib.
Azərbaycançılıq ideologiyası və Heydər Əliyev məfkurəsi mövzusunda çıxış edən UFAZ-ın icraçı direktoru, YAP İdarə Heyətinin üzvü, dosent Vazeh Əsgərov görkəmli siyasi xadim Heydər Əliyevin dövlət quruculuğu, daxili və xarici siyasəti istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib.
“Humanitar” fənlər kafedrasının müdiri, professor Camal Mustafayev ulu öndərin uzaqgörən siyasətindən, zəngin dövlətçilik irsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb və Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun, bütün sahələrdə davamlı inkişafın, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edib.
Ümummilli liderin gənclər siyasətindən danışan ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev ulu öndərin elm və təhsil sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlardan söz açıb və onun əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim uca tutulduğunu vurğulayıb.