Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Bir Könüllü” təşkilatının üzvləri ilə tələbələr arasında görüş keçirilib. ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək rektor, professor Mustafa Babanlının salamını tədbir iştirakçılarına çatdırıb. O, ölkəmizdə, o cümlədən ADNSU-da gəncələrin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb və könüllülük missiyasını gənclərin çox böyük həvəslə icra etdiyini deyib. Prorektor onu da əlavə edib ki, Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, marafonlarda, idman yarışlarında gənclərimiz, o cümlədən ADNSU-nun tələbə könüllüləri aktiv iştirak edirlər.
“Bir Könüllü” təşkilatının sədri Ülvi Əlizadə çıxışında təşkilatın missiyası, fəaliyyəti, son 1 il ərzində gördüyü işlər, gələcək layihələri və ümumi statistikası barədə qısa məlumat verib. Əsasən birinci kurs tələbələri olmaqla keçirilən tədbirlərdə təşkilata üzv olma prosesi, könüllülük fəaliyyətinin üstünlükləri barədə ətraflı məlumat verilib.
Tədbirdə könüllü gənclərin müxtəlif tədbirlərdə fəaliyyətini əks etdirən video çarx nümayiş olunub. Həmçinin, yekununda aparıcı tələbələrin könüllülük fəaliyyəti, könüllülüyün yaratdığı imkanlar, qazandırdığı təcrübələr barədə suallar cavablandırılıb.
Qeyd edək ki, cari ilin 25 aprel tarixindən etibarən “Bir Könüllü” təşkilatının 15 təhsil müəssisəsinin tələbələri ilə məlumat sessiyaları həyata keçirilib. “BİR” tələbə-könüllü olmaq tələbələrə beynəlxalq və yerli layihələrdə, dövlət tədbirlərində iştirak etmək, eyni zamanda, tələbəlik həyatını daha rəngarəng və faydalı keçirmək, şəxsi və peşəkar inkişafı təmin etmək, karyera imkanlarını genişlədirmək, yeni dostlar qazandırmaq və digər müsbət keyfiyyətlər qazandırır.
Onu da qeyd edək ki, 30,000-dən artıq könüllü üzvə malik olan təşkilat 28 ali, 18 orta, 10 peşə təhsil müəssisəsini əhatə edir. Ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Şamaxıda keçirilmiş 750-dən çox tədbir təşkil edən “Bir Könüllü” təşkilatı 2021-2022-ci tədris ilində Qarabağ bölgəsində (Şuşa, Ağdam) tədbirlərin təşkilinə və sözügedən regionun yenidən bərpasına dəstək məqsədi ilə 200-ə yaxın tələbə-könüllünü fəaliyyətə cəlb edib.