×

Xəbərlər

Xəbərlər 27 May 2022
ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib

Mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

Gündəlik təsdiqləndikdən sonra UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərovun illik hesabatı dinlənilib. Həmçinin, universitetin İnformasiya Texnologiyaları Departamentinin direktoru Salman Salmanov departamentin illik fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. O, İT departamantinin fəaliyyət istiqamətləri və prioritet layihələr haqqında şura üzvlərinə geniş məlumat verib. ”Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun illik fəaliyyəti haqqında professor Rauf Əliyarov məruzə ilə çıxış edərək, mövcud və perspektiv layihələr, elmi-tədqiqat işləri haqqında danışıb.

Fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertantların mövzularının təsdiqi haqqında universitetin Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova məlumat verib. Gündəliyə uyğun olaraq magistr təhsil səviyyəsi üzrə “Neft-qaz mühəndisliyi” ixtisasının bəzi ixtisaslaşmalar üzrə seçmə fənlər blokunda dəyişikliyin edilməsi, həmçinin “Cihaz mühəndisliyi” kafedrasının nəzdində “Laboratoriya avadanlıqlarına servis mərkəzi”nin yaradılması və ştatının təsdiq edilməsi haqqında Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov məlumat verib.

Sonra universitetdə aparılan təhsil siyasəti, görülən işlər, yeniliklər və çatışmazlıqlardan danışan rektor, professor M.Babanlı 2021/2022-ci tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti barədə, kafedralarda nəzərdə tutulmuş illik (yol xəritələrinin yerinə yetirilmə vəziyyəti) fəaliyyətin analizi və yeni tədris ili üçün  yol xəritələrinin hazırlanması barədə ətraflı məlumat verib. Rektor, professor M.Babanlı ADNSU-da həyata keçirilən layihələr barədə danışarkən 2022/2023-cü tədris ilinə qəbul planı barədə də şura üzvlərinə geniş məlumat verib və perspektiv hədəflərə toxunub.

İclasda gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən və yekdil qərarlar qəbul olunduqdan sonra rektor, professor M.Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.


Paylaş