×

Xəbərlər

Xəbərlər 07 Jun 2022
Baku Master Technology Transfer Programını (MTTP-2022) başa vuran ADNSU tələbələri mükafatlandırılıb

İyunun 6-da Heydər Əliyev Fondu və Technip Energies  şirkəti  tərəfindən keçirilən Baku Master Technology Transfer Programını (MTTP-2022) uğurla başa vuran tələbələrin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Technip Energies şirkətinin Baş direktoru Marco Villa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Heydər Əliyev Fondunun əməkdaşı Fərhad Böyükzadə, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Technip Şirkətinin Azərbaycanda baş meneceri Luigi Fiorentino və digər rəsmilər iştirak ediblər.

Tədbirdə çıxış edən Technip rəsmiləri ADNSU və BANM tələbələri üçün təşkil olunan programda iştirakçılardan razı qaldıqlarını və tələbələrin yüksək ingilis dili və ixtisas biliklərinin olduğunu qeyd ediblər.  

Heydər Əliyev Fonduna və Technip şirkətinə proqramı dəstəklədikləri üçün minnətdarlığını bildirən rektor, professor M.Babanlı 23 nəfər ADNSU tələbəsinin proqramda iştirakının universitet üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Rektor həmçinin yaşıl enerjiyə keçidin vacib qlobal məsələlərdən olduğunu bildirərək, universitetdə bu istiqamətdə yeni ixtisasların açılacağını  vurğulayıb və bu istiqamətdə Technip şirkəti ilə əməkdaşlığa hazır oluğunu deyib.

Daha sonra proqramı uğurla bitirən bütün tələbələrə sertifikatlar təqdim olunub. 3 nəfər ADNSU tələbəsi Qaz-neft-mədən fakültəsindən Rufan Yusifov, Kimya-texnalogiyaları fakultəsindən Fəridə Baxışova, Neft-mexanika fakültəsindən İskəndər Əliyev Technipin Avropa və Azərbaycandakı ofisində təcrübə proqramında iştirak şansı qazanıb.

Qeyd edək ki, uğurlu olan namizədlərə Technip şirkətində iş yeri təklif olunacaq.

Proqramda ADNSU-nun Qaz-neft-mədən, Kimya-texnologiyaları və Neft-mexanika fakultəsinin tələbələri iştirak ediblər. Ilkin olaraq ADNSU tərəfindən 50 nəfər 4 cü kurs tələbəsi seçim mərhələsində iştirak edib. ADNSU tələbələri arasından müsahibə yolu ilə ixtisas, ingilis dili bilikləri və ümumi dünyagörüşlərinə görə 23 nəfər seçilərək təşkil olunan proqramda iştirak hüququ əldə etmişdilər.  

Proqram ərzində Technip Energies şirkətinin Avropada və ölkəmizdə yerləşən ofisinin mütəxəssisləri tərəfindən tələbələrə mühazirələr oxunub. Hər modulun sonunda iştirakçılar üçün workshop və modul test imtahanları keçirilib.  Həmçinin tələbələrin birgə iş bacarıqlarını artırmaq məqsədilə onlar komandalar şəklində müxtəlif tapşırıqlar yerinə yetiriblər.


Paylaş