×

Xəbərlər

Xəbərlər 25 Jun 2022
UFAZ-da Frankofon Karyera Mərkəzinin açılışı olub

İyunun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Bakı Frankofon Karyera Mərkəzinin açılışı baş tutub.

Tədbirdən öncə Bakıda səfərdə olan Frankofon Universitetlər Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa üzrə Regional direktoru, doktor Mohamed Ketata video təqdimatla çıxış edib, tələbə və məzunlara agentlik və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Sonra M. Ketata və ADNSU rektoru, professor Mustafa Babanlı açılışda rəmzi lenti kəsiblər.

ADNSU-nun rektoru, professor M.Babanlı yeni yaradılan karyera mərkəzinin UFAZ tələbələri üçün daha geniş karyera imkanları, həmçinin əməkdaşlıq əlaqələri açacağına ümidvar olduğunu bildirib.

Frankofon Universitetlər Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa üzrə Regional direktoru, doktor M. Ketata Azərbaycanda ilk belə bir karyera mərkəzinin açılışının strateji əhəmiyyətindən danışıb və mərkəzin UFAZ tələbə və məzunları üçün yeni imkanlar açacağını qeyd edib.

Tədbirdə həmçinin Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət işləri üzrə müşaviri Jerome Kelle və digər tərəfdaşlar iştirak ediblər.

Qeyd edək ki, AUF yeni strategiyasına uyğun olaraq dünya üzrə 50 frankofon karyera mərkəzi yaratmaq niyyətini elan edib və belə mərkəzlərdən biri Bakıda açılır. Bu mərkəz həm UFAZ, həm də digər universitetlərdə təhsil alan fransız dilli tələbələrin şəxsi inkişaf və karyerada irəliləməsi məsələlərində onlara dəstək olacaq.

UFAZ və ADNSU 2019-cu ildən 120-dən çox ölkədə 1000-dən artıq universiteti özündə birləşdirən AUF ilə əməkdaşlıq edir və 2019-cu ildən təşkilatın tam hüquqlu üzvüdürlər.

 

 


Paylaş