7-9 sentyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iştirak etdiyi beynəlxalq “UniLab” layihəsi çərçivəsində Avstriyanın Krems Tətbiqi Elmlər Universitetində tərəfdaş universitetlərlə görüşlər keçirilib.
Görüşdə Azırbaycan, Avstriya, İspaniya, Fransa və digər ölkələrin partnyor universietlərindən olan nümayəndələrlə birgə ADNSU rektorunun İT və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev, Beynəlxalq Əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova, Beynəlxalq Əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva, və İqtisadiyyat və Menecement fakültəsinin magistr tələbəsi Rolan Yusifov iştirak ediblər.
Üç gün davam edən görüşlərdə “UniLab” layihəsi çərçivəsində görülən işlər, qarşıda duran məsələlər müzakirə edilib, bununla yanaşı tərəfdaş universitetlərin şirkətlərdə təcrübə imkanları və karyera mərkəzləri haqqında fərdi təcrübələrindən danışılıb.
Görüş çərçivəsində həmçinin Avstriyanın Krems Universiteti tərəfindən yaradılan “UniLab” portalının müzakirəsi aparılıb. Portalın iş prinspi, əhəmiyyəti və istifadə imkanları iştirakçılara izah edilib. Həmçinin görüş zamanı ADNSU-nun layihə çərçivəsində gördüyü işlər və universitetin Karyera Mərkəzində tələblələr üçün yaradılan imkanlar haqqında təqdimat nümayiş olunub.
Bundan əlavə görüş çərçivəsində iştirakçılar Krems Tətbiqi Elmlər Universitetinin VR laboratoriyaları və auditoriyaları ilə tanış olublar.
Qeyd edək ki, ADNSU Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə 2020-ci il yanvarın 1-dən etibarən qoşulub.