×

Xəbərlər

Xəbərlər 22 Oct 2022
ADNSU-da istedadlı tələbələrin təhsil qrantı layihəsi ilə bağlı görüş keçirilib

Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İstedadlı Tələbələrin Təhsil qrantı layihəsinin təqdimat mərasimi keçirilib. Universitetin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə  Azərbaycan Gənclər Fondunun əməkdaşı Emil Yusifov çıxış edərək müsabiqə haqqında tələbələr geniş məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondu sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan edib. Müsabiqənin əsas məqsədi təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsidir.

Görüş zamanı tələbələrin diqqətinə çatdırılıb ki, qrant layihəsində 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulur. Ali təhsil və orta təhsil müəssisələrinin tələbələrinə şamil ediləcək müsabiqədən əyani və qiyabi təhsilalma formaları üzrə bakalavr və magistr təhsili alan tələbələr yararlana biləcəklər.

Sonda müsabiqə ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş