Oktyabrın 28-də Təhsilin İnkişafı Fondu, Təhisildə Keyfiyyət Təminatı Agentliyi və ali təhsil müəssisələri arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlar arasında IELTS imtahanının təşviq edilməsi haqqında” əməkdaşlıq müqaviləsi imzalanıb.
Layihə Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı və Britaniya Şurasının (British Council) dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvünün və tələbənin bu imtahanlar üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən geri ödəniləcək.
6 ali təhsil müəssisəsinin qatıldığı tədbirdə həmçinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Rafiq Camalov və Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dos.Ülviyyə Abbasova iştirak ediblər. Rektor, professor Mustafa Babanlı çıxış edərək ADNSU-da ingilis dilinin yüksək səviyyədə tədrisindən danışıb. O, qeyd edib ki, universitet “British Council” təşkilatı ilə əməkdaşlıq çərçivəsində tələbə və müəllimlər üçün ingilis dili kursları keçirilib, yüksək nəticələr əldə olunub və bu gün ADNSU bu sahədə artıq öz təcrübəsini tətbiq edə bilir.
Tədbirdə qeyd olunub ki, əsas məqsəd universitetin elmi-pedaqoji heyət üzvlərinin və təhsil alanların ingilis dilini mənimsəməsi üçün əlverişli şəraitin yaradılması, IELTS imtahanı verməyə təşviq ediməsi və beləliklə, həmvətənlərimizin beynəlxalq təcrübə və müasir təhsil imkanlarından faydalanaraq əldə etdikləri bilik və bacarıqları ölkəmizin inkişafı naminə görülən işlərə töhfə vermələrinə dəstək olmaqdır.