Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Cihaz mühəndisliyi” kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova və kafedranın müəllimi Səbinə Əliyeva 07-08 noyabr tarixlərində Türkiyədə olublar. ADNSU ilə Türkiyənin Nəcməddin Ərbakan Universiteti arasında imzalanmış memorandum əsasında 04 oktyabr 2022-ci il tarixli dəvət məktubuna uyğun olaraq Türkiyəyə dəvət olunan əməkdaşlarımız səfər çərçivəsində Antalya AKEV Universitetində MIMCS-2022 Beynəlxalq Konfransında iştirak ediblər. Həmçinin, ADNSU-nun əməkdaşları t.e.d. Lalə Bəkirova və Səbinə Əliyeva Nəcməddin Ərbakan Universitetinin əməkdaşı dok.dr. Mücahit Yılmaz başda olmaqla Nəcməddin Ərbakan Universitetinin mühəndislik fakültəsinin çalışan həmkarları ilə görüş keçiriblər. Birgə layihənin icrası üçün indiyə qədər hər iki universitetdən olan komanda üzvlərinin iştirakı ilə bir neçə görüş keçirilib, diskussiyalar aparılıb. Qeyd edək ki, iki aydan çoxdur ki, TÜBİTAK qrantı çərçivəsində Konyadakı tərəfdaş Ərbakan Türkiyə Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetimizdə “Cihaz mühəndisliyi” kafedrası tərəfindən təklif edilən yeni layihəyə start verilib və seçmə mərhələdən keçən layihə Türkiyə tərəfindən maraqla qarşılanıb.
Türkiyədə səfərdə olan əməkdaşlarımız Nəcməddin Ərbakan Universitetinin rəhbərliyi ilə də görüşü olub. Həmin universitetin prorektoru, professor Oğuz Doğan əməkdaşlarımızı çox səmimi qarşılayıb və kollektivin yüksək keyfiyyətli, operativ və məhsuldar əməyinə görə ADNSU-nun rektoru, professor Mustafa Babanlıya təşəkkürünü bildirib. O, həmçinin qeyd edib ki, iki universitet arasında imzalanmış memorandumu yüksək qiymətləndiririk və birgə layihələrin uğurlu nəticələrlə yekunlaşacağına inanırıq.
Səfər zamanı ADNSU-nun əməkdaşlarının eyni zamanda Nəcməddin Ərbakan Universitetinin tələbəri ilə də görüş olub və təcrübə işi üzrə məsul şəxslərlə gələcək planların müzakirəsi aparılıb. Hər iki tərəfdaş universitetin tələbələri üçün birgə təcrübə keçmək planları müzakirə olunub.