Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) “Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında görüş keçirilib.
Oktyabrın 31-də keçirilən görüşdə qonaqları salamlayan ADNSU-nun rektoru, professor Mustafa Babanlı Coca-Cola şirkəti ilə uzun müddətli əməkdaşlıq əlaqələrindən və birgə layihələrdən danışıb. Əməkdaşlıq çərçivəsində ADNSU-da tələbələr üçün SƏTƏM təlimi kurslarının və təcrübə ilə bağlı işlərin görüldüyünü deyən rektor bundan sonra da universitetlə şirkət arasında birgə işlərin miqyasının genişləndirilməsinin vacibliyinə toxunub.
Azerbaijan Coca-Cola Bottlers MMC-nin baş direktoru Rəna Məmmədova şirkətin ölkəmizdə fəaliyyəti və universitetlə əməkdaşlıq əlaqələrindən danışıb. Azərbaycanda növbəti zavod üçün işlərə başlanıldığını deyən Rəna xanım şirkətdə qadın mühəndislərə imkanlar yaradıldığını və istehsalatda qadın mühəndislərin sayının artırılması üçün çalışdıqlarını vurğulayıb. O, universitetlə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəfə müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bilirib.
Sonra tərəflər arasında “Qadınlar üçün Təqaüd Proqramı” layihəsi çərçivəsində anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, memoranduma əsasən “Qadınlar üçün Təqaüd Proqramı” çərçivəsində xanım tələbələrə təhsil həyatında dəstək göstəriləcək, liderlik bacarıq və qabiliyyətləri inkişaf etdiriləcək. Mühəndislik sahəsində şirkətdə təcrübə keçən tələbələrin burada iş imkanları dəyərləndiriləcək.