Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Şuşa İli”-nə həsr olunmuş Tələbələrin 71-ci Elmi Texniki konfransı işinə başlayıb.
Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransın açılış mərasimində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarını salamlayaraq gənclərin elmi potensiallarının üzə çıxarılması və elmə həvəsləndirilməsi baxımından konfransın əhəmiyyətindən söz açıb. Universitetdə tələbələrin və doktorantların elmi tədqiqat işlərinə cəlb olunması üçün yaradılan şəraitdən danışan rektor M.Babanlı gənclərin elmi fəallığının artırılmasının vacibliyini qeyd edib və bütün iştirakçılara uğurlar arzulayıb.
ADNSU-nun “İctimai fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev Şuşa ilə bağlı çıxış edib. Şuşanın qədim tarixi, strateji əhəmiyyəti tarixi-mədəni irsi haqqında tarixi faktlarla çıxış edib.
ADNSU-nun Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri Elviz İsmayilov hesabat nitqi ilə çıxış edərək 9 bölmə üzrə qəbul olunan 398 tezisdən texniki və plagiat yoxlamadan sonra 238 məqalə və tezisin konfransa qəbul olunduğunu deyib. Onlayn və oflayn formatda keçiriləcək konfransda 95 məqalə və 143 tezis dinləniləcəyini deyən E.İsmayılov iştirakçılara uğurlar azru edib.
Daha sonra konfrans müxtəlif bölmələrdə öz işini davam etdirib. ADNSU-nun rektoru, professor M.Babanlı bölmə iclaslarında iştirak edib, tələbələrin çıxışlarını dinləyərək irad və tövsiyələrini bildirib.
Qeyd edək ki, konfransın bağlanış mərasimi dekabrın 16-da keçiriləcək.