×

Xəbərlər

Xəbərlər 22 Dec 2022
ADNSU tələbələri üçün “AzerGold” QSC-nin fəaliyyətinə dair təqdimat keçirilib

Dekabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Geoloji-kəşfiyyat fakültəsinin tələbələri üçün “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən təqdimat keçirilib.

          ADNSU və QSC arasında geologiya və dağ-mədən sahələrində təhsil, elmi-texniki inkişaf, ixtisasartırma ilə bağlı əməkdaşlığa dair 30 may 2017-ci il tarixində imzalanmış Memoranduma uyğun olaraq 2022-2023-cü tədris ili üzrə təsdiqlənmiş Fəaliyyət planı çərçivəsində keçirilən görüşdə tələbələrə dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkətinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

          Qeyd olunub ki, fəaliyyətə başladığı dövrdən etibarən dağ-mədən sahəsində peşəkar kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirən “AzerGold” QSC ölkəmizdə fəaliyyət göstərən ali və peşə təhsili müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri quraraq, tələbə və məzunlara müvafiq istiqamətlərdə təcrübə toplamalarına, gələcək karyeralarında ilk addımlarını atmalarına dəstək olur. Belə ki, təhsil müəssisələri ilə əldə edilmiş razılaşmalar əsasında tələbələrin həm QSC-nin baş ofisi, həm də istehsalat sahələrində təcrübə keçmələri üçün şərait yaradılır. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyur, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Bugünədək 191 tələbə və məzun sözügedən təcrübə proqramında iştirak edib, 27 nəfər işlə təmin olunub.

          Həmçinin, görüşdə “AzerGold” QSC-nin artıq ikinci ildir ki, ali və peşə təhsili müəssisələrinin tələbələri üçün təşkil edilən Təqaüd proqramı müsabiqələri haqqında məlumat verilib. Bildirilib ki, Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında zəruri kadrlarla təminatı, müvafiq ixtisaslarda yerli mütəxəssis bazasının inkişaf etdirilməsi məqsədilə elan edilən müsabiqələrdə qalib gələn tələbələr təcrübə proqramlarına cəlb edilir, məzun olduqdan sonra onların müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində QSC-nın tələbatına uyğun olaraq zəruri addımlar atılır.

           Müzakirə formatında davam edən görüşdə “AzerGold” QSC-nin nümayəndəsi tələbələrin çoxsaylı suallarını cavablandırıb. Geoloji-kəşfiyyat fakültəsinin tədbirdə ən fəal iştirak edən tələbəsi Mövsüm Rəcəbliyə “AzerGold” QSC tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

 


Paylaş