Yanvarın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı Şəhəri Təhsil İdarəsinin (BŞTİ) rəhbəri ilə görüş keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və nümayəndə heyəti əvvəlcə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyaları, Azərbaycan-Türkiyə Dostluq Mərkəzi və Azİİ e-Kitab Evində olublar. Mineralogiya muzeyini ziyarət edən nümayəndələr burada saxlanılan müxtəlif növ eksponatlarla tanış olublar. Muzeyin direktoru dos. Ağamehdi Ağayev burada qorunub saxlanılan minerallar haqqında ziyarətçilərə ətraflı məlumat verib. Sonra qonaqlar universitetin şəhid olmuş məzunlarının Xatirə kompleksini və Milli Qəhrəman Mübariz İbrahimovun abidəsini ziyarət edib, onların xatirəsini ehtiramla yad ediblər.
Universitetlə tanışlıqdan sonra BŞTİ rəhbərliyi ilə ADNSU-nun rektoru, professor Mustafa Babanlı və universitetin kollektivinin görüşü keçirilib.
Qonaqları universitetdə salamladıqdan sonra rektor, professor M.Babanlı onlara universitetdəki tədris prosesi, ixtisaslar, ictimai fəaliyyət, həmçinin universitetin beynəlxalq əməkdaşlıq əlaqələri və elmi nailiyyətləri haqqında ətraflı məlumat verib.
Universitetdə olmaqdan məmnunluğunu bildirən BŞTİ-nin müdiri M.Vəliyeva burada yaradılan yüksək səviyyəli tədris mühiti və ADNSU-nun startaplarla bağlı təcrübəsini yüksək qiymətləndirib. Görüşdə həmçinin Bakı şəhərində yeləşən orta ümumtəhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsində köməklik göstərilməsi və bu istiqamətdə universitetlə birgə görülə biləcək işlərdən danışılıb.