Yanvarın 25-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın ənənəvi formatda növbəti iclası keçirilib. Gündəlikdə olan məsələləri elan etməmişdən öncə ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Cihaz mühəndisliyi” kafedrasının müdiri, professor Lalə Bəkirovanı 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı arzu edib.
Rektor, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verdikdən sonra gündəlik təsdiq olunub.
Professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması barədə Elmi Şuranın 26 yanvar 2022-ci il, 6 nömrəli protokoluna əsasən 2022-ci il üçün diferensial əmək haqqının təyin edilməsi barədə danışan rektor, professor Mustafa Babanlı müəllimlərin qiymətləndirilmə meyarlarının şəffaf aparıldığını bildirib.
Universitetdə aparılan islahatlardan, təhsilin və tədrisin yüksəldilməsi ilə yanaşı, universitetdə olunacaq struktur dəyişikliklərindən danışan rektor, professor Mustafa Babanlı universitetdə rəqəmsal ADNSU layihəsi, 2023-cü il üçün ADNSU-nun fəaliyyət planı barədə, həmçinin “Layihə menecmenti” ofisinin yaradılması, ADNSU-nun QS reytinqinə hazırlığın vəziyyəti, Xarici dil və ixtisas üzrə əlavə sertifikat imkanları barədə çıxış edib, onların mahiyyəti haqqında ətraflı məlumat verib, yeniliklər və dəyişikliklər səsvermə ilə şura üzvləri tərəfindən yekdiliklə qəbul edilib.
İclasda dekanların yol xəritəsi, 22.12.2022-21.01.2023-cü il tarixlərində keçirilmiş imtahanların nəticələri barədə (ötən il ilə müqaisəli) Tədris işləri üzrə prorektor, dos.Qasım Məmmədov, 2022-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları haqqında Elmi işlər üzrə prorektor, prof.Lətafət Qardaşova hesabat mərüzəsi ilə çıxış ediblər. Energetika Fakültəsinin dekanı, dosent Aydın Əliyev illik hesabat məruzəsi ilə çıxış edib. Həmçinin, Start-UP və İnnovasiya Mərkəzi fəaliyyəti haqqında TEC-in sədri Elviz İsmayılov, “AZİİ Data analitika” mərkəzinin yaradılması barədə Kamran Ağayev çıxış edərək şura üzvlərinə məlumat veriblər.
Elmi Şuranın iclasında gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub. Rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.